Əlaqə Arxiv
news Image
2014.11.06
17:40
| A A A
23 şadlıq sarayında nöqsanlar aşkar edildi

İl ərzində 43 iaşə xidməti obyektində nöqsanlar aşkar edilib.  Bunu Lent.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. Komitə rəsmisi bildirib ki, 43 obyektdən 23-ü şadlıq sarayı, qalanları isə restoran və kafelərdir. "Həmin obyektlər arasında Bakının Nizami rayonu ərazisində yerləşən məşhur şadlıq sarayları da var".

 

F. Talıblı bildirib ki, sözügedən iaşə xidməti obyektlərinin bəzilərində şəraitin standartlara uyğun olmaması, sanitar normalara əməl edilməməsi kimi faktlara rast gəlinib. "Ən acınacaqlısı odur ki, bəzi iaşə xidməti obyektlərindən götürülən nümunələrin laborator müayinəsinin nəticələri onların insan orqanizminə zərər vurduğunu göstərir. Bəzi obyektlərdə tərkibində insan orqanizminə ziyan olan keyfiyyətsiz məhsulların (salatlar, kabablar üçün farşın tərkibi) istehsalı və satışı qadağan edilib və sanksiyalar tərtib olunub". 

 

Şöbə müdirinin sözlərinə görə, şadlıq saraylarında akustika ilə bağlı nöqsanlar da aşkar edilib: "Bəzi restoranlarda toy zamanı səsləndirmənin standartlara uyğun olmadığı müəyyən olunub. Standartlara görə, səsləndirmənin norması 81 desibeldir, amma yoxlama zamanı bir neçə şadlıq sarayında səsləndirmənin 98 desibelə qədər yüksəldiyi aşkar edilib".

 

F. Talıblı vurğulayıb ki, masaların düzülüşü standartlara uyğun olmayan, akustika ilə bağlı nöqsanlar aşkar edilən müəssisələrdən müəyyən vaxt müddətində nöqsanların aradan qaldırılması tələb olunub və Komitənin tələbləri yerinə yetirilib.

 

 

Komitə sözçüsü vurğulayıb ki, ofisiantlarla bağlı nöqsanlar da aşkarlanıb: "Yoxlamalar zamanı bəzi ofisiantların fəaliyyətinin standartlara uyğun olmadığı müəyyən edilib".

Sizin Reklam Yeriniz