Əlaqə Arxiv
news Image
2014.11.11
16:06
| A A A
“Azərbaycanda mənzil fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda tədbir keçirilib

Noyabrın 11-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə "Azərbaycanda mənzil fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması" mövzusunda tədbir keçirilmişdir. Movqe.az xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin nümayəndələri iştirak etmişdir.

İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, mənzil-kommunal təsərrüfatının inkişafı istiqamətində də mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Bu sahədə qanunvericilik təkmilləşdirilmiş, beynəlxalq tələblərə cavab verən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilmişdir. Yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsi, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin olunması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, eləcə də mənzil fondunun idarə olunması və saxlanması sahəsində böyük əhəmiyyət kəsb edir. Sevinc Həsənova ölkədə böyük tikinti –quruculuq işlərinin həyata keçirildiyini bildirmiş, son 20 ildə mənzil fondunun 30% artaraq 166,4 mln. m2-ə çatdığını vurğulamışdır. Nazir müavini mənzil fondunun idarə olunmasında yeni metodların tətbiqinin əhəmiyyətini qeyd etmişdir.

GİZ-in Azərbaycan üzrə direktoru Henninq Tvesten çıxışında tədbirin əhəmiyyətindən danışaraq, bu sahədə əməkdaşlığın davam etdiriləcəyini qeyd etmişdir.

"GAG Ludviqshafen am Rayn" şirkətinin nümayəndələri Sonya Müller-Zaman "Almaniyada mənzil mülkiyyətinin növləri və onların idarə olunması", "Almaniyada mənzil mülkiyyətçiləri və mənzil idarəçiləri arasında münasibətlərin qurulması, öhdəliklər və vəzifələr", Klaus Şeffner isə "Almaniyada çoxmənzilli binaların təmiri və bərpası. Tikililərin energetik müasirləşdirilməsi" mövzularında təqdimatlarla çıxış edərək, mənzil fondunun idarə edilməsi sahəsində beynəlxalq təcrübə barədə məlumat vermişlər.

Tədbirdə həmçinin, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov, Sumqayıt Bələdiyyəsinin katibi Akif Kərimov və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri Asif İsmayılov mənzil-kommunal sahəsinə dair müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.

Sonra təqdimatlar və məruzələr ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış "Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu" və digər maarifləndirici materiallar paylanmışdır.

Sizin Reklam Yeriniz