Əlaqə Arxiv
news Image
2014.11.11
16:13
| A A A
ADU-da Erasmus Mundus layihəsinin yeni çağırışının başlanması ilə əlaqədar təqdimat keçirilib
Hermes/Ember proqramının xarici nümayəndələri ADU-da

Noyabrın 11-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Erasmus Mundus layihəsinin yeni çağırışının başlanması ilə əlaqədar Hermes/Ember proqramının xarici nümayəndələrini qəbul etdi. Movqe.az xəbər verir ki, rektor Səməd Seyidov qonaqları görməkdən məmnun olduğunu bildirdi. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor Səməd Seyidov ADU-nun Avropa universitetləri ilə əlaqələrindən və layihələrdə iştirakından söz açdı. ADU-nun TEMPUS proqramı üzrə iki dəfə layihənin koordinatoru olduğunu vurğulayan rektor universitetlərarası əlaqələrin yaradılmasının vacibliyindən danışdı və bu sahədə TEMPUS-un əhəmiyyətindən söz açdı. Rektor, professor Səməd Seyidov beynəlxalq münasibətlərin tədrislə əlaqəli inkişafını bu istiqamətdə əlaqələrin qurulması baxımından yüksək səciyyələndirdi.

Qonaqlar səmimi qəbula görə təşəkkür edərək ADU-da olmaqdan məmnun olduqlarını dilə gətirdilər. Nümayəndələr təmsil etdikləri ali təhsil müəssisələri haqqında məlumat verdilər. Qonaqlar ADU-da tələbələrin müxtəlif dillərdə yüksək səviyyəli danışıq qabiliyyətinin şahidi olduqlarını məmnunluqla bildirdilər.

Görüşdən sonra Erasmus Mundus layihəsinin yeni çağırışının başlanması ilə əlaqədar Hermes/Ember proqramının xarici nümayəndələri tərəfindən tələbələrə təqdimat keçirildi. İspaniyanın Sevilya Universitetinin professoru, Ember proqramı üzrə koordinator Rafael Vaqner, həmin universitetin Ember proqramı üzrə təmsilçisi Juan Pablo Lopez Moreno və professoru Javier Padillo, Yunanıstanın Afina Universitetinin professoru, Hermes proqramı üzrə koordinatoru Amalia Moser, Gürcüstanın Tbilisi Dövlət Universitetinin Ember və Hermes proqramları üzrə koordinatoru Tea Gergedava və professoru Nino Chikhladze, Almaniyanın Viadrina Universitetinin Ember və Hermes proqramları üzrə tərəfdaşı Carsten Grunvaldt, Bolqarıstanın Sofia Universitetinin Hermes proqramı üzrə tərəfdaşı Qalina Sokolova təqdimatla çıxış edərək Erasmus Mundus layihəsinin tarixi, bu layihədə yer alan Hermes və Ember proqramları haqqında məlumat verdilər.

Qeyd edək ki, Erasmus+ (və ya Erasmus plus) Avropa Birliyinin təhsil, təlim, gənclər və idman ilə bağlı bütün layihələrini özündə birləşdirən yeni proqramdır. Bu təşəbbüsün bir hissəsi olan Erasmus Mundus Avropa və digər bölgələrdən olan tələbələrin qarşılıqlı mübadiləsi üçün yaradılmışdır və Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Bu layihələrin hər birində müxtəlif Avropa Universitetləri, eləcə də "üçüncü ölkələr" kimi tanınan dövlətlər (Xəzər dənizi ölkələri, Qara dəniz hövzəsi ölkələri və s.) təmsil olunur. Hər bir layihədə iştirak edən universitetlərdən ibarət konsorsium yaradılır. Üçüncü ölkələrdən olan ərizəçilər iki müxtəlif Avropa universitetinə qəbul üçün müraciət edə bilərlər. Bakalavr, magistr, doktorant və akademik-administrativ heyət bu layihədən yararlana bilər. Azərbaycan Dillər Universiteti Erasmus Mundus layihəsinə 2010-cu ildə Alrakis I layihəsi ilə qoşulmuşdur. Hal-hazırda Azərbaycan Dillər Universiteti Erasmusun dörd layihəsinin – Alrakis II, Backis, Ember və Hermes-in iştirakçısıdır. Alrakis I proqramı üzrə 2010-2011-ci illərdə 14 tələbə, magistr və 2 doktorant universitet əməkdaşı Almaniya, Avstriya, İspaniya, Belçika və Estoniya ölkələrinə göndərilmişdir, 2012-2013-cü illərdə 4 tələbə İtaliya universitetinə daxil olmuş və universitetin 1 əməkdaşı İspaniya Universitetinə göndərilmişdir.

Alrakis II proqramı üzrə 2013-2014-cü illərdə 9 bakalavr tələbə Avstriya, Almaniya, İtaliya, Çexiya, Hollandiya, 1 magistr tələbə və 1 doktorant tələbə Belçikaya göndərilmişdir, 2014-2015-ci illərdə isə 1 bakalavr tələbə Çexiyanın Masaryk Universitetinə, 4 magistr tələbə Fransa, Çexiya, İspaniya universitetlərinə daxil olmuşdur. Backis proqramı üzrə 2013-2014-cü illərdə 4 bakalavr tələbə, 1 magistr tələbə və 1 universitet əməkdaşı Belçika, Hollandiya, Çexiya və Estoniyaya göndərilmişdir, 2014-2015-ci illərdə 8 bakalavr tələbə və 3 magistr tələbə Polşa, Estoniya və İspaniya universitetlərinə daxil olmuşdur. Ember proqramı üzrə 2014-2015-ci illərdə 7 bakalavr tələbə, 2 magistr və 1 doktorant tələbə Almaniya, İsveç, Estoniya və İspaniyaya göndərilmişdir. Hermes proqramı üzrə 2014-2015-ci illərdə 2 bakalavr tələbə Bolqarıstan və Yunanıstana göndərilmişdir.

Sizin Reklam Yeriniz