Əlaqə Arxiv
news Image
2014.11.12
11:20
| A A A
Azərbaycanda özəl klinikaların qeysəriyyə fırıldağı

"Azərbaycanda doğuş xidməti göstərilən bəzi özəl tibb müəssisələrində müraciət edən hamilə qadınlar qeysəriyyə əməliyyatına cəlb olunur. Tibbi göstərişə əsasən anada və döldə heç bir patologiya yoxdursa, təbii yolla normal doğuşa üstünlük verilməlidir. Çox təəssüf ki, özəl klinikalarda qeysəriyyə əməliyyatı təbii doğuşdan baha olduğundan, hamilə qadınlar ehtiyac olmadığı halda belə qeysəriyyə əməliyyatına cəlb olunur". Bu sözləri Movqe.az-a açıqlamasında Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyib. N. Quliyev deyib ki, insanın dünyaya gəldiyi zamanın, xüsusi dövrə ayrılması bu dövrün xüsusi əhəmiyyətinin olmasından xəbər verir: "İlk baxışda qeysəriyyə kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir. Lakin dərindən araşdırıldıqda mühüm çatışmazlıqlar meydana çıxır. Qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Buna baxmayaraq, ana və uşağın həyatı üçün ciddi problem yaranırsa, təhlükəsizlik baxımından yalnız o zaman qeysəriyyə kəsiyi əməliyyatına ehtiyac yaranır. Çox vaxt qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar. Əməliyyatla doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meyilli olurlar. Ona görə də, hamiləlikdən azad olmaq üçün özəl xəstəxanaları seçən qadınlar ibbi göstəriş olmadan qeysəriyyə kəsiyi ilə əməliyyatlardan imtina etməli, təbii doğuşa üstünlük verməlidirlər. Çünki, təbii doğuş zamanı baş verən doğuşa hazırlıq dövrünün ana bətnindəki uşağın sağlamlığı baxımındam önəmi böyükdür".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız ciddi və əsaslı tibbi göstəriş olarsa, qeysəriyyəyə müraciət etməyin mümkünlüyünü vurğulayır. ÜST həmçinin hər hansı bir ölkədə qeysəriyyənin ümumi doğuşun 15 faizindən yuxarı olmasını normal hal saymır.

 

Zülfiyyə

 

Sizin Reklam Yeriniz