Əlaqə Arxiv
news Image
2014.11.13
15:22
| A A A
Müdafiə Nazirliyi: Ermənilər işğal olunmuş Azərbaycan əraziləri üzərində uçuşları dayandırıblar

"Ötən gün Ağdam rayonu ərazisində Ermənistan Ordusuna məxsus hərbi helikopterin vurulmasından sonra cəbhə xəttinin qarşı tərəfində helikopterlərin və digər uçuş aparatlarının uçuşları dayanıb". Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlının sözlərinə görə, hadisədən sonrakı dövrdə və bu gün işğal olunmuş Azərbaycan ərazilərinin üzərində heç bir uçuş qeydə alınmayıb.   

 

Nazirlik sözçüsü Azərbaycanın bütün hava məkanının Hərbi Hava Qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.

 

"Hava sərhədlərimizi pozanlara zərbə vurmaq üçün Hərbi Hava Qüvvələrimiz ən müasir vasitələrə malikdir. Beynəlxalq sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal altındakı ərazilər üzərində bütün avia uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi dəyərləndirilir", - deyə polkovnik Dərgahlı vurğulayıb.

 

V. Dərgahlı ötən gün və gecə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozuntularının sayında müəyyən artım müşahidə olunduğunu, lakin hansısa kəskin səviyyədə olmadığını bildirib: "Bəzi KİV o istiqamətdə ağır döyüşlərin getdiyinə dair məlumat yayıblar. Belə bir hadisə yoxdur. Azərbaycan Ordusu düşmənin bütün təxribat cəhdlərinin qarşısını alacaq".

Sizin Reklam Yeriniz