Əlaqə Arxiv
news Image
2014.11.13
15:43
| A A A
“Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları”

Məlum olduğu kimi, hələ XX əsrin yetmişinci illərindən etibarən keçmiş Sovetlər İttifaqında və Avropa ölkələrində mətbuat səhifələrində fiziklərlə liriklərin mübahisəsi başlanmışdır. Lirika ustadları, incəsənət xadimləri sxematik, quru hesablamalardan ibarət olan, romantikadan kənarda qalan dəqiq elmlərin, xüsusən də fizikanın yeni insanın formalaşmasında, şəxsiyyətin mənəvi dəyərlərinin inkişafında rolunun az olması barədə iddialı mövqe ilə çıxış etmişlər. Fiziklər, geniş mənada isə texniki elmin təmsilçiləri də eyni zamanda lirikləri, humanitar düşüncənin daşıyıcılarını dövlətin, iqtisadi-texniki tərəqqinin inkişaf etdirilməsindən uzaqda qaldıqlarını diqqət mərkəzinə çəkmişlər. Bundan başqa, fiziklər bu qənaətdə idilər ki, təbiət elmləri sırasına daxil olan fizika elmi də özünəməxsus gözəlliyə malikdir. Hətta təbiəti və kainatı öyrənən fizikaya bələd olmadan yaxşı şair ola bilməyin qeyri-mümkünlüyü ilə bağlı iddialar da meydana çıxmışdır. 1959-cu ildə "Komsomolskaya pravda" qəzetində açılan mübahisə yetmişinci illərə qədər davam etmişdir. Mübahisələrdə Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bella Axmadullina, Robert Rojdestvenski, Bulat Okucava, Aleksandr Qalk, Novella Matveyeva və başqaları kimi tanınmış ədəbiyyat xadimləri iştirak etmişlər. Nobel mükafatı laureatları Lev Landaunun, Albert Eynşteynin fizikada fantaziyanın, romantikanın rolu barəsindəki fikirləri diqqət mərkəzinə çəkilmişdir. Boris Slutskinin, Mark Lvovskinin "Fizika və lirika" şeirləri ictimai-ədəbi mühiti daha da qızışdırmışdır. Digər xalqların elmində və ədəbiyyatlarında da fizika və lirika problemləri mübahisə obyektinə çevrilmişdir. O cümlədən, Azərbaycanda da fizika və lirikaya qoşa qanadlar kimi baxanlar da, bu sahələrdən birini digərindən üstün tutanlar olmuşdur. On ildən çox davam edən mübahisələrdən sonra belə qənaətə gəlinmişdir ki, texniki elmləri təmsil edənlərin romantika və fantaziyasının olması, liriklərin isə təbiət və kainat ətrafında müşahidələri ilə yanaşı biliklərə də yiyələnmələri elmin də, ədəbiyyatın da xeyrinədir, zənginləşməyə və inkişafa xidmət edir. Məhz bu mübahisələrin zəminində ideologiyaya deyil, insana, təbiətə və kainata həsr edilən böyük ədəbiyyatın meydanı genişlənmiş, romantikası, fantaziyası, bədii düşüncəsi ilə fərqlənən yeni fiziklər (həm də riyaziyyatçılar) nəsli yetişmişdir. Nəticədə elmilik və bədii fantaziya meyarları elmin və ədəbiyyatın taleyində iştirak etmiş, hər iki istiqamətin inteqrasiyasında və inkişafında mühüm rol oynamışdır. Bütün bunlara baxmayaraq, fizika və lirika problemi nə fiziklər, nə də ədəbiyyatşünaslar tərəfindən xüsusi olaraq ayrıca elmi-nəzəri problem kimi tədqiq edilib öyrənilməmişdir. Bu mənada "Bakı Elm festivalı – 2014" proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilmiş "Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları" elmi konfransı həmin problemin araşdırılıb ümumiləşdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir.

Elmi konfransı giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli "Fizika və lirika: elmi düşüncədə bədii fantaziya və lirikada kainat" mövzusunda problemin qoyulmasına dair məruzə ilə çıxış etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, müxbir üzv Nazim Məmmədov "Elmin və ədəbiyyatın inkişafında fizika və lirikanın rolu" mövzusunda məruzə ilə çıxış edərək elmdə bədii fantaziyanın, romantikanın rolundan bəhs etmişdir.

"Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları" elmi konfransında 14 məruzə dinlənilmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin "Fərqli ədəbi metod və cərəyanlarda təbiət hadisələrinin qəhrəmanın əhval-ruhiyyəsi ilə əlaqələndirilməsi", filologiya elmləri doktoru, prefessor Məmməd Əliyevin "Şeirşünaslıq və fiziki-riyazi üsullar", filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubovanın "Fizikada "Kvant nəzəriyyəsi" və bədii ədəbiyyat", Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyevin "Lirikada fizika və dünyəvilik" mövzusundakı məruzələrində fizika və lirika problemlərinə metodoloji baxışlar və bu sahədəki dünya təcrübəsi öz əksini tapmışdır. "Poeziya və günəş" mövzusunda dinlənilən iki məruzədə - filologiya üzrə fəlsəfə doktorları Elnarə Akimova və Yaşar Qasımbəylinin təqdimatlarında mövzuya fərqli və orijinal yanaşmalar ifadə olunmuşdur.

Digər məruzələrdə "fizika və lirika" problemi konkret ədəbi və elmi şəxsiyyətlərin təcrübəsində şərh edilmişdir. Nizami adına Ədəbiyyat İnstitutundan Cavidə Məmmədovanın "İmadəddin Nəsiminin yaradıcılığında fizika və fəlsəfi fikrin vəhdəti", Lalə Əlizadənin "XI-XII əsr Azərbaycan şairlərinin lirikasında fizika və astronomiyaya dair düşüncələr", Fizika İnstitutundan isə Nazilə Süleymanovanın "Akademik Həsən Abdullayev və ədəbiyyat" mövzularındakı məruzələrində mövzu ilə bağlı Azərbaycan reallıqları, mövcud elmi və ədəbi təcrübə ümumiləşdirilmişdir. Bundan başqa, Rasim Nəbioğlunun "Azərbaycan poeziyasında Bahar və Novruz", İmaməddin Əmiraslanovun "Kristallar, kvazikristallar və türk xalq sənəti" mövzusundakı məruzələri də "fizika və lirika" probleminin özünəməxsus mozaikasını təqdim etməyə imkan yaratmışdır.

Naxçıvan Dövlət Universiteti ilə qurulan canlı videobağlantı vasitəsilə həmin universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyevin "Görkəmli fizika alimləri lirika haqqında" onlayn məruzəsinin dinlənilməsi maraqla qarşılanmışdır.

"Bakı Elm Festivalı – 2014" proqramı çərçivəsində təşkil olunan elmi konfransda Folklor İnstitutunun "İrs" ansamblının ifasında xalq mahnıları və muğamların səsləndirilməsi, saz havalarının dinlənməsi, orta məktəb şagirdlərinin bədii qiraəti "fizika və lirika" mövzusuun daha dərindən aydınlaşdırılmasına şərait yaratmışdır. Fizika, riyaziyyat, ədəbiyyatşünaslıq, kristalloqrafiya, musiqişünaslıq, fəlsəfə, folklorşünaslıq elmlərinin sintezi və təması əsasında məruzələr müsir mərhələdə elm sahələri arası əlaqələrin əhəmiyyətini göstərməklə bərabər, bu istiqamətdə olan tədqiqatların davam etdirilməsi zərurətini də nəzərə çarpdırmışdır.

Təşkilat komitəsi "Fizika və lirika" elmi konfransının hər il keçirilməsini və konfransın materiallarını kitab halında çap edilməsini qərara almışdır.

Sizin Reklam Yeriniz