Müdafiə Nazirliyindən Ermənistana- Daha bir sərt cavab
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın
hərbi-siyasi rejiminə növbəti dəfə cavab verib. Movqe.az
Nazirliyin saytına istinadən xəbər verir ki, Ermənistan
Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı
hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz
xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə
aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan
real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir. Müdafiə
Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş
ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının
vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən
çəkindirərək əbəs yerə qırdırmamalıdır. Silahlı Qüvvələr düşmənin
istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.
Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa
Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə
hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər
və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından
silinməyəcək.