Əlaqə Arxiv
news Image
2014.11.17
18:25
| A A A
Dini Komitədən məscidlərlə bağlı AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə şəhərində "Azərbaycan-tolerantlığa nümunə ölkə" mövzusunda "dəyirmi masa" – konfrans keçirib. Komitədən Movqe.az-a verilən məlumata görə, konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə şəhər ictimaiyyətinin və bölgədə fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak ediblər. S. Salahlı bildirib ki, hər bir vətəndaş mənsub olduğu dinin daşıyıcısı olaraq, onlara məxsus olan dini ibadət ocaqlarında- məsciddə, kilsədə, sinaqoqda azad şəkildə ibadətlərini həyata keçirirlər. Azərbaycanda mövcud olan qanunvericilik bazası və tarixən formalaşmış tolerantlıq mədəniyyəti bütün qeyri-müsəlmanların  cəmiyyətdə bərabərhüquqlu şəxs kimi yaşamalarını təmin edir. Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini M. Zeynalov çıxışında qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq nümunəsi olacaq ölkədir. "Gəncə şəhəri də bütün ölkəmiz kimi, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkandır. Hazırda Gəncədə müsəlman icmaları ilə yanaşı, rus və yəhudi icmaları da fəaliyyət göstərir və dini ibadətlərini də yerinə yetirirlər. Şəhər rəhbərliyi dini konfessiyaların fəaliyyətini hər zaman diqqətdə saxlayır və dəstəyini əsirgəmir". Konfransda əsas məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai əlaqələr şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov bildirib ki, qloballaşma şəraitində ümumbəşəri dəyər kimi, müxtəlifliyin qorunması məqsədilə, mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlülük  ənənələrinin qorunması olduqca vacibdir. Çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu milli azlıqlar  burada milli və dini kimliklərini qoruyub saxlayıb.

Daha sonra Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Gəncə şəhəri Şah Abbas Cümə məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədr müavini Hüseyn Budaqov və Gəncə şəhəri, Aleksandr Nevski kilsəsinin keşişi Vyaçeslav Daşkov çıxış edərək Azərbaycanın tolerantlıq modelinin bütün dünyaya nümunə olduğunu qeyd ediblər.

Çıxışlar ətrafında geniş müzakirələrlə davam edən tədbirdə birmənalı olaraq qeyd edilib ki,  tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.

Sizin Reklam Yeriniz