Əlaqə Arxiv
news Image
2014.11.18
15:46
| A A A
Ümumrusiya Azərbaycan Konqresinin ofisində Azərbaycanın xalq şairi Anarla görüş olub

Ümumrusiya Azərbaycan Konqresinin ofisində Azərbaycanın xalq şairi Anarla görüş olub. Movqe.az

"VAK-info"ya istinadən bildirilir ki, Moskvada yaşayan azərbaycanlı ziyalılar – yazıçılar, şairlər, rəssamlar və jurnalistlər, eləcə də Azərbaycan diasporasının nümayəndələri Azərbaycan Yazarlar birliyinin sədri ilə görüşə gəlmişdilər. Görüş mərasimini açarkən, ÜAK icraçı direktoru İlqar Hacıyev cənabları söylədi ki, bu söhbətdən maraqlı dialoqlar və günün mürəkkəb mövzularına dair diskussiyalar gözləyir. Elə də oldu.

Anar bəy Moskvada yaşayaraq hər iki ölkənin yazarlar birliklərinin üzvü olan, eləcə də, Şəhriyar və Ocaq cəmiyyətlərinə daxil olan azərbaycanlı yazıçı və şairlərin ürəyində yatıb qalmış çoxsaylı suallara dolğun və ətraflı cavablar verdi.

İlk öncə isə xalq yazıçısının təkcə qələmdaşı deyil, həm də yaxın dostu olan şair İlham Bədəlbəyli, onun çoxşaxəli yaradıcılığı haqqında danışdı.

MDDU-nun Azərbaycan dili kafedrasının müdiri Bella xanım Musayeva Anarın əsərlərindəki baş qəhrəmanlar barədə geniş məlumat verərək, povestlərindən, romanlarından, filmlərindən maraqlı süjetləri yada saldı. O, qeyd etdi ki, bu əsərlər həm Azərbaycanda, həm də Rusiyada bir neçə nəslin mədəni inkişafında böyük rol oynamışlar.

"Azərbaycan konqresi" qəzetinin baş redaktoru Rüstəm Arifcanov cənabları hörmətli qonağa müasir Azərbaycan və rus ədəbiyyatının qarşılıqlı mübadiləsi, bu əlaqələrin inkişaf perspektivləri haqda suallar verdi.

Anar bəy: "Azərbaycan ziyalılarında artıq belə bir düşüncə yaranıb ki, biz "Drujba narodov" üçün artıq "dost" deyilik, "Xarici ədəbiyyat" üçün isə hələ xarici deyilik. Sovet dövrü dağılandan bəri çox şey dəyişib. Rusiya nəşrləri səhifələrində yer ala bilmək də mürəkkəbləşib. Lakin bir faktı qeyd etməliyəm ki, Azərbaycan yazarları arasında rus dilində yazanların sayı hər zamankından daha çoxdur", - deyə bildirdi.

Eləcə də, Anar dünyanın müxtəlif ölkələrində çap olunan müəlliflər haqqında da ətraflı danışdı.

ÜAK-nin icraçı direktoru İlqar Hacıyev cənabları və Azərbaycan-rus Mədəniyyəti və Həmrəyliyi mərkəzinin icraçı direktoru Mehman Şükürov Anar bəyə maraqlı görüş üçün dərin təşəkkürlərini bildirdilər.

Bu görüşdən bir gün öncə Mərkəzi Ədiblər evində xalq yazıçısı Anarla ədəbi gecə keçirilmişdi.

Azərbaycan-rus Mədəniyyəti və Həmrəyliyi mərkəzinin, "NORD və KO" Mədəni Layihələr mərkəzinin ilə birgə hazırladığı bu gecədə AR və RF səfirliklərinin, ÜAK-ın və Rusiyadakı müxtəlif diaspor təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Mehman Şükürov cənabları Anar bəyin Moskvaya dəvətinin tarixçəsini danışdı: "Bu ilin yayında cəmiyyətimiz rus musiqiçilərinin, ali təhsil ocaqları müəllimlərinin və ictimai xadimlərin Azərbaycana səfərini təşkil etmişdi. Səfər zamanı AYB sədri Anar bəy bizi çox isti qarşıladı. O zaman biz onunla belə qərara gəldik ki, bir dəfə də Moskvada görüşəcəyik. Və bu gün həmin görüş baş tutdu".

"NORD və KO" Mədəni Layihələr mərkəzinin rəhbəri Qennadiy Nord, Anar bəyə bu gecədə iştirakına görə, öz təşəkkürlərini bildirdi. AYB Moskva şöbəsinin katibi şair İlham Bədəlbəyli isə qeyd etdi ki, Azərbaycan ədəbiyyatının xüsusi bir dövrü məhz Anarın adı ilə bağlıdır.

Anar bəy öz çıxışında yaradıcılığının və istedadının pərəstişkarları ilə xatirələrini bölüşdü: "Görüşümüzün Mərkəzi Ədblər evinin divarları arasında keçməsi əlamətdardır. Yaxınlıqda, iki il ssenaristlər, iki il isə rejissor ustalığı kurslarında oxuduğum Dövlət Kinoaktyor Teatrı yerləşir. Qarşı tərəfdə isə "Drujba narodov" jurnalının redaksiyası vardı, oraya tez-tez gedərdim. Bu zalda isə, həmişə olduğu kimi indi də, həm rus, həm də MDB dövlətlərinin müasir və klassik yazarlarının gecələri keçirilir. Çox xoşdur ki, bir neçə il öncə atam Rəsul Rzanın, sonra isə mənim də yubileylərimiz burada keçirilib".

Tamaşaçılara iki il öncə çəkilmiş "Azərbaycanfilmin" istehsalı olan "Sübhün səfiri" kinofilmindən fraqmentlər göstərildi. Tədbirin rəsmi hissəsi konsert proqramı ilə bitdi. Konsertdə Azərbaycanın əməkdar artisti Qorxmaz Axundov, Türkmənistanın əməkdar artisti Validə Saçakova, Karaçayevo-Çerkesiyanın xalq artisti Marina Soboleva və K.Kərimov adına 157 saylı etnomədəni Azərbaycan komponentli orta məktəbin rəqs qrupu çıxış etdilər.

Anarın Moskvaya səfəri vaxtı onunla görüşmək istəyənlərin sayı çox, zaman isə az olduğuna baxmayaraq, yazıçı, K.Kərimov adına 157 saylı etnomədəni Azərbaycan komponentli orta məktəbin də görüş təklifini qəbul etdi.

Məktəblilər hörmətli qonağa məktəbin nailiyyətlərindən danışdılar. Anar da öz növbəsində yaradıcılığından və gələcək planlarından söhbət açdı. Tədbir gənc artistlərin konsertilə bitdi.

Anarla daha bir görüş Azərbaycan-rus Mədəniyyəti və Həmrəyliyi mərkəzində keçirildi.

Burada Azərbaycan diasporasının nümayəndələri, eləcə də mərkəzin hamiliyində olan tələbə klublarının gənc üzvləri iştirak edirdilər.

Anar, Edvard Radzinskinin məsləhətçi olduğu "Sübhün səfiri" filminin yaranma tarixindən danışaraq, maraqlı auditoriyanın suallarına cavab verdi.

Sizin Reklam Yeriniz