Əlaqə Arxiv
news Image
2014.11.18
18:07
| A A A
Milli Məclisdə büdcə müzakirəsi başladı

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iclasda iştirak edib.

Əvvəlcə gündəlik təsdiqlənib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, büdcə sənədlərindən göründüyü kimi, 2015-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, icra olunan dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradır.

Bildirilib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,7 faiz artırılaraq 19,4 milyard manat, xərcləri isə 5,2 faiz artırılaraq 21,1 milyard manat məbləğində nəzərdə tutulur. Dünyada və bölgədə hökm sürən siyasi qeyri-sabitlik şəraitində bu proqnoz göstəricilərini məqbul hesab etmək olar.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan dövlətinin maliyyə sabitliyini qoruması artıq ənənəvi hal alıb. Son illərdə Azərbaycanın büdcə gəlirləri əhəmiyyətli dərəcədə artıb. Ötən on ildə qlobal maliyyə sarsıntılarına baxmayaraq, Azərbaycan dövləti özünün maliyyə resurslarını artırıb, sosial-iqtisadi layihələrin həyata keçirilməsi zamanı heç bir maliyyə sıxıntısı hiss etməyib. Çünki Azərbaycanda milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən vergi, maliyyə, gömrük, bank siyasəti həyata keçirilir. Azərbaycan dövlətinin apardığı düzgün siyasətin nəticəsidir ki, büdcə xərcləri artıq 20 milyardı keçib.

Z.Səmədzadə bildirib ki, Azərbaycanın 2015-ci il üzrə dövlət büdcəsinin layihəsi ölkənin inkişaf strategiyasına uyğun hazırlanıb. Bu ilin büdcəsində də sosial proqramlara böyük yer ayrılıb.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2015-ci il dövlət və icmal büdcələrinin layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və büdcə qanunvericiliyinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.

Nazir qeyd edib ki, 2015-ci il üzrə dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində hökumət nümayəndələrinin iştirakı ilə müzakirə edilib və qanun layihəsinin plenar iclasa çıxarılması təklif edilib.

Diqqətə çatdırılıb ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi həcmində proqnozlaşdırılır. Mütləq ifadədə gəlirlər 19 milyard 438 milyon nəzərdə tutulur.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, 2015-ci ildə investisiya qoyuluşlarının 5 faiz artaraq 19,8 milyard manat, növbəti 3 ildə isə 59.6 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5.4 milyard manat olmaqla növbəti 3 ildə 15.5 milyard manat təşkil edəcəyi gözlənilir. Gələn il neft sektoruna 5.8 milyard, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır.

Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, bu gün Azərbaycanda məzənnə tam sabitdir. Manat çox güclü regional valyuta kimi özünü təqdim edir. E.Rüstəmov deyib: "Hesab edirik ki, bundan sonra da respublikamızda valyutanın sabitliyi təmin ediləcək. Mərkəzi Bank inflyasiya səviyyəsini nəzərə alaraq pulun qiymətinin, faiz dərəcəsinin aşağısalma siyasətini həyata keçirir. Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4,75 faizdən 3,25 faizə endirib".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2015-ci ilin dövlət büdcəsinin tərtibi zamanı həm gəlirlərin, həm də xərclərin şəffaflığının artırılması işinə diqqət yetirilib.

Çıxışlardan sonra "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başlanılıb.

Üç gün davam edəcək müzakirələrdə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında", "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihələri də müzakirə olunacaq.

Sizin Reklam Yeriniz