Bir müddət səngiyən "quş qripi" Avropa ölkələrində yenidən baş qaldırıb. Məlumatlara görə, Hollandiyanın Utrecht əyalətinə yaqxın Hekendorp kəndində üç gün əvvəl quş qripi təsbit edilən 150 min toyuğun yandırılmasına başlansa da, hökümət virusun yayılmaması üçün tədbir alıb. İqtisadiyyat Nazirliyi, H5N8 virus növünün insana yoluxa bildiyi xəbərdarlığıyla, ölkə daxilində 72 saat ərzində ev heyvanları və məhsulları satışını dayandırıb. Quş qripi təsbit edilən bölgədə isə qadağa 30 gün ərzində qüvvədə olacaq. Göründüyü kimi, bir müddət öncə səngiyən "quş qripi" xofu əhalini yenidən narahat etməyə başlayıb.
Azərbaycanda da bu təhlükəli virusun yayılma riskinin olması inkar edilmir. Xüsusilə payızda, köçəri quşların miqrasiyası ilə əlaqədar ölkəmizdə "quş qripi" ilə bağlı narahatlıq baş qaldırır.
Amma Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilkin müayinələrin narahatçılığa əsas vermədiyi fikrindədir. Bu barədə Movqe.az-a danışan qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, "quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlanılır. Bununla bağlı artıq ölkə miqyasında monitorinqlərə start verilib: "Noyabrın 17-dən köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilib. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur".
Y. Xanvəli deyir ki, Abşeron Milli Parkında dünən aparılan monitorinq zamanı götürülən nümunədə "quş qripi" virusunun əlamətləri qeydə alınmayıb. Amma bununla belə Y. Xanvəli ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin noyabrın 28-dək davam etdiriləcəyini bildirib.
Monitorinqlər davam etsə də, fərdi quşçuluq təsərrüfatlarında, satış məntəqələrində "quş qripi" təhlükəsi real olaraq qalır. Belə ki, yol kənarlarında ev quşlarının açıq şəkildə satışı hallarına rast gəlinir. Y. Xanvəli isə deyir ki, artıq bununla bağlı xəbərdarlıq olunub: "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır. Hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir".