Azərbaycanda imkansız ailələrə xoş xəbər
Millət vəkili Qənirə Paşayeva 2015-ci ilin
dövlət icmal büdcəsinin layihəsinin bu gün parlamentdə müzakirəsi
zamanı hökumət üzvlərini gələn ilin büdcəsində ipoteka kreditləri
üçün ayrılan vəsaitin artırılmasına, şərtlərin yumşaldılmasına və
imkansız ailələr üçün sosial mənzillərin tikintisinə
çağırıb. Trend-in məlumatına görə, Q.Paşayeva
xüsusilə orta məktəb müəllimlərinin böyük bir hissəsinin ipotekadan
yararlana bilməməsinə diqqət çəkərək bu məsələnin həllini xahiş
edib. O bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət
edəndə onların əməkhaqlarının ipotekanın ödənişi üçün lazım olan
standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu
dövlətin bu sistemindən yararlana
bilmirlər. O təklif edib ki, orta
məktəb müəllimlərinin ipotekadan öz mənzil problemlərinin həlli
üçün yararlana bilməsi məqsədilə mexanizmlərə ehtiyac var:
"Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə
çağırırıq. Bu, müəllimlərimizə böyük dəstək olardı. Mən orta məktəb
müəllimlərimizin əməkhaqlarının artmasının da önəmli olduğunu
düşünürəm və inanıram ki, hökumət üzvlərimiz gələn ilin dövlət
büdcəsi çərçivəsində bu məsələyə də xüsusi diqqətlə yanaşacaqlar.
Amma maddi imkanları aşağı olan insanlar üçün mütləq sosial evlər
tikilməli və uzunmüddətli az ödəmələrlə maddi imkanları aşağı olan
ailələrin ixtiyarına verilməlidir. İnanıram ki, bu məsələ də yaxın
zamanlarda öz həllini tapacaq".