Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev içərisində Azərbaycan siyasi elitasının olduğu vertolyotun ermənilər tərəfindən vurulmasının 23-cü ildönümü ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, 1991-ci ilin 20 noyabr tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmiləri, millət vəkilləri və jurnalistlərin olduğu helikopter vurulub. Helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olub.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin
vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil
edildiyi müəyyən edilib. Ermənistanın Azərbaycana qarşı işğal və
təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də Ermənistanın
Azərbaycana qarşı terror əməlləri davam etdirilib, mülki şəxsləri
daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilib, nəqliyyat
vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil
edilib.
H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən 1991-ci ilin 20
noyabr tarixində Qarakənd faciəsinin törədilməsi nəticəsində sülh
təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və
ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilib və
münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməyib:
"Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi
münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın
ərazilərini işğal etməkdir. Bu, ənənələrinə sadiq qalan Ermənistan
tərəfindən bu gündə münaqişənin sülh yolu həlli ilə əlaqədar hər
hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün
vasitələrlə danışıqlar prosesinə xələl gətirilir".