Əlaqə Arxiv
news Image
2014.11.20
13:29
| A A A
“Arxangelsklə Azərbaycan arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək lazımdır”
RF Arxangelskdə yaşayan həmyerlimiz, şəhər Dumasının üzvü, tanınmış iş adamı Hüseyn Əliyev: “Ermənilər mənim deputat seçilməyimi qətiyyən istəmirdilər”

Arxangelsk. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tədricən həmin ölkələrin cəmiyyətlərinə inteqrasiya edərək onun ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu gün bir çox ölkələr var ki, həmin ölkələrin qanunverici və icraedici orqanlarında məhz azərbaycanlılar təmsil olunur. Bu mənada Rusiya Federasiyası da xüsusi qeyd edilməlidir. Təkcə paytaxt Moskva deyil, eləcə də onun digər subyektlərində yaşayan azərbaycanlılar ictimai-siyasi fəallıqları ilə seçilərək müəyyən postlara sahib olurlar. Arxangelskdə yaşayan həmyerlimiz, şəhər Dumasının üzvü, tanınmış iş adamı Hüseyn Əliyevi də bu kateqoriyaya aid etmək olar. Onunla söhbətimiz zamanı Arxangelskdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığı, soydaşlarımızın üzləşdiyi problemlər, eləcə də Azərbaycanla Arxangelsk arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə danışdıq."Olaylar.az" saytında (həm də gündəlik "Olaylar" qəzetində) dərc olunan həmin məqalənin maraqlı olmasını nəzərə alıb "Mövqe"də təqdim edirik.


-Hüseyn müəllim, nə vaxtdan Arxangelskdə yaşayırsınız və əsas fəaliyyətiniz nədən ibarətdir?


-Artıq 26 ildir ki, Arxangelsk şəhərində yaşayıram. Mənim əsas fəaliyyətim, məşğuliyyətim ticarətlə bağlıdır. Arxangelskdə topdan satış bazarı açmışam, həmçinin ticarət mərkəzimiz, restoranımız fəaliyyət göstərir.


-Azərbaycandan Arxangelskə üz tutmağınızın səbəbi nə idi?


-1988-89-cu illərdə baş verən proseslər, Sovet İttifaqının dağılması, ölkənin idarəçiliyində yaranan problemlər səbəbindən Arxangelskə üz tutdum. 1993-cü ilə qədər ümumiyyətlə Azərbaycan bərbad vəziyyətdə idi. Baxmayaraq ki, Arxangelskə getdim, ancaq müntəzəm olaraq Azərbaycana gəlirdim. Hətta 1995-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü oldum. Həmin dövrə qədər mən Rusiya vətəndaşı deyildim. Ondan əvvəl, daha dəqiq desək 1993-cü ilin prezident seçkilərində iştirak etmişəm və seçkilərdə mərhum prezidentə səs vermişəm. Həmin seçkilərdə Heydər Əliyev xalqın böyük əksəriyyət səsini qazandı. O, səs doğurdan da həqiqi səs idi. Çünki xalq çətin durumda idi və onu bu bəladan xilas edə biləcək şəxsiyyət qismində məhz Heydər Əliyevi görürdü.


-Siz eyni zamanda Arxangelsk şəhər Dumasının üzvüsünüz. Duma üzvü kimi Arxangelsklə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə hansı addımlar atmağı düşünürsünüz. Duma üzvləri və ya vilayət rəhbərliyinin Azərbaycana səfərinin təşkilini həyata keçirməyi nəzərdə tutursunuzmu?


-Belə bir fikrimiz var. Məlumat üçün qeyd edim ki, elə Azərbaycana səfərimin başlıca məqsədi də budur. İstəyirəm ki, Arxangelsklə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr bir qədər də inkişaf etsin. Bu məqsədlə Bakıda bir sıra görüşlər keçirdim və niyyətimi müvafiq qurumların diqqətinə çatdırılmasına çalışdım. Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyev də zamanında Rusiya Federasiyasının müxtəlif subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinə çalışırdı. Biz də ümummilli liderin o müqəddəs missiyasını, uğurlu siyasətini davam etdirməyi düşünürük. Məlumat üçün qeyd edim ki, hələ 1970-ci illərdə ümummilli lider Heydər Əliyev mütəffiq respublikaların Rusiyanın müəyyən şəhərləri ilə əlaqələr qurması təşəbbüsü ilə çıxış etmişdi. Həmin təşəbbüs əsasında 1970-75-ci illərdə Arxangelsk-Azərbaycan əlaqələri yarandı. Azərbaycanın cənub zonası, Lənkəran-Astara zonası o zaman Arxangelski meyvə-tərəvəzlə, Bakı və Abşeron kondsioner və soyuducularla təmin edirdi. Həmin dostluq münasibətlərinin davamı olaraq Bakı-Arxangelsk birbaşa təyyarə reysi açılıb. Bütün bunları nəzərə alaraq təklif etdim ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ikitərəfli münasibətləri, əlaqələri bu gün davam etdirək. Bu məqsədlə Arxangelsk şəhər meri ilə söhbətlərim olub. Həmçinin Arxangelsk şəhər Dumasının sədri ilə məsləhətləşmələrimiz olub və onlar da buna razılıq veriblər. Bir sözlə Azərbaycanla Arxangelsk arasında təkcə ticari deyil, həmçinin siyasi-iqtisadi sahələrdə də əlaqələri genişləndirmək olar. Bütün bunları nəzərə alaraq istəyirəm ki, yaxın aylarda Arxangelsk-Azərbaycan qardaşlığı yaransın. Mən Arxangelskdən geri qayitsam da, 50 il sonra belə adım müsbət mənada çəkiləcək. Çünki orada iz qoymuşam.


-Onda belə demək mümkündür ki, Arxangelskdə Heydər Əliyevə böyük hörmət və ehtiram var?


-Tamamilə doğrudur. Məlumat üçün qeyd edim ki, Heydər Əliyev vəfat edəndə Arxangelskdə böyük bir mərasim təşkil etdim. Həmin mərasimə vilayət rəhbərliyinin ən yüksək səviyyəli rəsmiləri, qubernator, şəhər meri, hüquq-mühafizə orqanlarının rəhbərləri təşrif buyurmuşdu. Tədbir barədə mətbuata dəvət göndərməsək də, vilayətin kütləvi informasiya vasitələri özü mərasimə böyük diqqət göstərdi və tədbirimizi geniş şəkildə işıqlandırdı. Həm şəhər Dumasının sədri, həm də qubernatorun müavini Heydər Əliyev barədə yüksək səviyyədə danışdılar və ümummilli lideri təkcə Sovetlər İttifaqı deyil, eləcə də dünya miqyaslı bir siyasətçi kimi xarakterizə etdilər.


-Bəs bütün bunların qarşılığında Arxangelskdə Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində hansısa addımlar atılıb və ya tədbirlər həyata keçirilibmi?


-Əlbəttə ki, bu istiqamətdə müəyyən planlarımız var və bu məqsədlə qubernatorla danışıqlar aparmaq niyyətindəyəm. Orada Heydər Əliyev adına parkın salınması, ümummilli liderin büstünün qoyulması, onun adına küçə müəyyən edilməsi nəzərdə tutulur. Təbii ki, bütün bunlara nail olmaq üçün Arxangelsklə Azərbaycan arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək lazımdır.


-Səhf etmirəmsə sizin ümummilli lider Heydər Əliyevlə də bir neçə dəfə görüşləriniz olub. Həmin görüşlər hansı formada və ya necə baş tutub?


-(Müsahibim bu an dərin xəyala dalır və qısa sükutdan sonra sözünə davam edir). Ümumiyyətlə, mən gənc yaşlarımdan Heydər Əliyevin vurğunu olmuşam. İnstitutu bitirdikdən sonra Bərdə rayonunda pambıq briqadiri işləmişəm. O zaman Rayon Partiya Komitəsinin birinci katibi Rüstəm Səfərəliyev idi. Rüstəm Səfərəliyev mərhum Heydər Əliyevin ağsaqqal kimi hörmət etdiyi, qiymət verdiyi bir şəxsiyyət idi. Həmin illərdə Heydər Əliyev Bərdə rayonuna gələndə mən ümummilli liderlə əl verib görüşmüşəm. Zona müşavirələri zamanı Heydər Əliyev bizim hər birimizlə fərdi qaydada görüşür, maraqlanırdı.


-Siz həm şəhər Dumasının üzvü, həm də orada kifayət qədər tanınmış iş adamısınız. Bütün bu nailiyyətləri Arxangelskdə yaşayan ermənilər necə qarşılayır və sizə qarşı hansısa təxribat xarakterli addımlar atılırmı?


-(Gülür) Əlbəttə ki, düşmən hər an bizim üçün düşməndir və onun hər hansı addımına qarşı tədbirli olmalısan. Heç şübhəsiz ki, ermənilər mənim Dumanın deputatı seçilməyimdən kifayət qədər narahat oldular. Çünki seçkilər zamanı Dumaya namizədlər arasında erməni də vardı. Mənim namizədliyim Rodina Partiyasından irəli sürüldüyü halda, həmin erməni Yedinaya Rossiya Partiyasından namizəd olaraq seçkilərə qatılmışdı. Nəticələrə əsasən mən Dumanın deputatı seçilsəm də, həmin erməni deputat ola bilmədi. Bu hadisə ermənilərə böyük təsir etdi. Çünki ermənilər mənim deputat seçilməyimi qətiyyən istəmirdilər. Onu da qeyd edim ki, Arxangelskdəki ermənilərin daxilində də müəyyən parçalanma müşahidə edilir. Aclıq ailədə böhran yarada bildiyi kimi ermənilər arasında da problemlər meydana gətirib. Elə son Duma seçkilərində də bunun şahidi olduq. Belə ki, Dumaya namizəd olan erməni Yedinaya Rossiya Partiyasından seçkilərə qatılsa da, lakin Arxangelskdə yaşayan ermənilərin müəyyən bir qismi məhz mənim namizəd olduğum Rodina Partiyasına səs verdi. Məlumat üçün qeyd edim ki, Dumaya namizədlər arasında Rodina Partiyasının siyahısında mənim adım ilk yerdə idi. Ümumiyyətlə, Arxangelsk tarixində heç vaxt şəhər Dumasında azərbaycanlı deputat olmayıb.


-Ümumiyyətlə, Arxangelsk şəhər Dumasında erməni, yaxud gürcü deputatı var?


-Xeyr yoxdur. İndiyə qədər də Arxangelsk şəhər Dumasında erməni deputat olmayıb. Ancaq bir nəfər gürcü deputat var.


-Arxangelskdə yaşayan azərbaycanlılar və ermənilər nə qədərdir?


-Arxangelskdə 10 minə yaxın azərbaycanlı, 2-3 minə qədər isə erməni yaşayır. Onlardan təxminən 500-ə yaxını Rusiya vətəndaşıdır. Ermənilər diasporun hesabına müəyyən qurumlara təsir göstərir, Ermənistana kömək əli uzadır. Ancaq bizdə bu sahə bir qədər zəifdir. Birlik təmin ediləndə, yumruq möhkəm olanda yaxşı səs çıxır. Yoxsa parçala, böl dağıt, bunlar hamısı dövləti, milləti inkişafdan saxlayan proseslərdir. Bu kimi mənfi halları biz 1988-93-cü illərdə gördük.


-Sizcə 10 min nəfər azərbaycanlıya qarşı Dumada bir nəfərin təmsil olunması aşağı göstərici deyilmi?


-On min nəfər azərbaycanlının hamısı Rusiya vətəndaşı deyil. Təxminən 3 minə yaxın azərbaycanlı Rusiya vətəndaşıdır. Yerdə qalanlar isə müntəzəm olaraq Arxangelskə gedib-gələnlər, müvəqqəti qeydiyyata düşənlərdir.


-Hüseyn müəllim, rəhbərlik etdiyiniz ticarət obyektlərində çalışanların əksəriyyəti yəqin ki, azərbaycanlılardır?


-Əlbəttə. Hətta müəyyən kadrlar lazım olanda Azərbaycandan aparıram. Onları qısa qeydiyyata saldırır, müvafiq işlə təmin edirəm.


-Bəs Arxangelskdə yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemlər hansılardır və soydaşlarımız həmin problemlərin həlli üçün şəhər Dumasının deputatı kimi sizə müraciət edirlərmi?


-Arxangelsk Rusiyanın şimal bölgəsidir və orada yaşayan ruslar Moskva, Piter, Krasnodar, Rostov ruslarından seçilirlər və təbiətcə çox sakit insandırlar. Onlar heç bir millətə qarşı problem yaratmaz, onu alçaltmazlar. Əgər millət özü-özünə problem yaratmasa heç kim ona problem yaratmaz. Əgər kimsə cinayət törədirsə təbii ki, hüquq-mühafizə orqanları həmin cinayətin qarşısını almalıdır.


-Arxangelskdə yaşayan azərbaycanlı ailələrin övladlarının Azərbaycan dilini unutmaması üçün bazar günü məktəblərinin təşkili nəzərdə tutulurmu?


-Əlbəttə. Ən ciddi işlərimizdən biri də budur. Bu məqsədlə bir neçə məktəb direktoru ilə görüşmüşük ki, hansısa bir zamanda, bazar günü və ya axşam saatlarında uşaqlar üçün belə bir dərslər təşkil edək. Düzdür, elə uşaqlar var ki, Azərbaycan dilində danışarkən çətinlik çəkirlər. Ancaq bu az bir qism təşkil edir. Həmin uşaqların ailələri ilə söhbətlər edirik ki, evdə övladlarınızla öz dilimizdə danışın.



-Duma üzvü olaraq Azərbaycanın Rusiyadakı səfirliyi və ya konsulluğumuzla münasibətləriniz hansı səviyyədədir?


-Mən yalnız Qüdsi Osmanovu tanıyırdım. O, Sankt-Peterburqda baş konsul olarkən mən heç Dumanın üzvü deyildim. Qüdsi Osmanov Arxangelskdə mənim kimi bir iş adamının olması barədə eşitmişdi və mənimlə maraqlandı. Biz onunla Piterdə görüşdük. Daha sonra o, Arxangelskə gəldi, orada qubernatorla görüşdü. Həmçinin Arxangelskə gələrək orada təşkil olunan forumlarda iştirak edirdi.

Sizin Reklam Yeriniz