Əlaqə Arxiv
news Image
2014.11.20
17:35
| A A A
Hamiləlik və doğuma görə ayrılan vəsaitlər artırılır

 "Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il üçün həm gəlirləri, həm də xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çoxdur. Movqe.az-ın bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin bugünkü iclasında Fondun 2015-ci il büdcəsi haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, fondun gəlirlərinin 63,8%-ni məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. H. Rəcəbli bildirib ki, 2015-ci ildə dövlət büdcəsindən transfertin proqnozu cari ilin göstəricisinə nisbətdə 3,7% və ya 42 mln. manat azalıb. DSMF-in xərclərinin 97,8%-i əhaliyə ödənişlər üçün nəzərdə tutulub: "Təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1,5 milyon nəfər artıb. Bu sahədə qanunu pozan işəgötürənlərin cərimələnməsi statistikası əvvəlki ilə nisbətən 23 dəfə artıq olub. Bu da onu göstərir ki, yığım sahəsində müəyyən problemlər və ciddi şəkildə bununla məşğul olmalıyıq". 

Hadi Rəcəbli əlavə edib ki, hazırda Azərbaycanda 3 mln. sığorta ödəyicisi var. Komitə sədri sosial müavinətlərin ildən-ilə artdığını da deyib: "Təkcə hamiləlik və doğuma görə ayrılan vəsaitlər ötən illə müqayisədə gələn il 31% çox olacaq. Uşaqların anadan olması və onlara qulluğa görə vəsaitlər 8-11% artıb". 

H. Rəcəbli qeyd edib ki, komitənin iclasında 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı uşaqların sağlamlıq düşərgələrində istirahətinə ayrılan məbləğ 318 min manata çatmasına baxmayaraq, deputatlar bu məbləğin artırılmasını təklif ediblər. Gündəlikdəki növbəti məsələləri təqdim edən H. Rəcəbli əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2015-ci il üçün yaşayış minimumu haqqında da məlumat verib. O bildirib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilir. Gələn ilin dövlət büdcəsində  ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı əsas götürülən ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.

Sizin Reklam Yeriniz