Əlaqə Arxiv
news Image
2014.11.26
07:30
| A A A
Radikal müxalifət sıralarından ermənipərəst qüvvələrə növbəti dəstək
Zahid Oruc: “Bu tədbiri Azərbaycan daxilindəki bir sıra qüvvələr üçün özünüifşa səhnəsi adlandırardım” Tahir Kərimli: “Radikal müxalifətin açıq şəkildə çex təşkilatını və ermənilərin mənafeyinə uyğun olan hadisəni müdafiə etməsini Azərbaycan dövlətinə qarşı yönəlik tədbir kimi qiymətləndirmək olar”

Gürcüstanın Batumi şəhərində "Avropa Birliyinin Şərq Tərəfdaşlığı" çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verənlər ətrafında qalmaqal hələ də səngimək bilmir. Tədbir çərçivəsində Çexiyanın "People in Need" təşkilatının foyedə Azərbaycan əleyhinə plakatlar asması və bunun ardınca yaşanan hadisələrə baxışlar müxtəlifdir. Xatıraldaq ki, "People in Need" təşkilatı ermənipərəstliyi ilə seçilir. Azərbaycanda bəzi müxalif kəsimlər isə təşkilatın Batumidəki əməlinə haqq qazandırmağa çalışır.

Millət vəkili Zahid Orucun fikrincə, bəzi radikal kəsiminin Çexiyanın ermənipərəst mövqedə dayanan sözügedən təşkilatın fəaaliyyətini dəstəkləməsi onların milli maraqlardan uzaq olduğunun göstəricisidir: "Batumidəki tədbirə sərgilənən münasibətlə radikal müxalifətin mənəvi və siyasi kimliyi bir qədər də aşkarlandı. Dünənə qədər təkcə hakimiyyət və hər hansı müxalif dünyagörüşü daşıyıcıları ilə konfliktlər baş verirdisə, bu dəfə medianın əsas aparıcı nümayəndələrinin müşahidəsi, iştirakı altında yaşananlar sözün həqiqi mənasında, rəzalət idi. Məsələ onda deyil ki, Çexiyanın "People in Need" qurumu erməniyönümlü bir təşkilatdır, bu deyil problem. Ən önəmli məsələ Azərbaycandan bir qədər kənara çıxan kimi qrant maraqlarına görə, ölkə əleyhinə fəal bir antiazərbaycan mübarizəsinə qoşulmaqdır. O dövrdə ermənilərin yüzlərlə konfranslarda iştirakının şahidi olmuşuq. Serj Sarkisyan rejimi əleyhinə kəskin köklənən erməni qüvvələri bir dəfə də olsun, bu problemləri xarici məkanlara daşımayıb. İkinci bir tərəfdən, tədbirin məqsədləri ayrı olduğu halda, onu Azərbaycan üzərində bir məhkəmə salonuna çevirməyin də adı yox idi və ona etiraz edənlərin mövqeyi normal qəbul olunmalıdır. İş onda deyil ki, dərhal həmin quruma Azərbaycandan dəstək verənlər guya insan haqları uğrunda mübarizənin ön cəbhəsində olan demokratiya mücahidləridirlər. Onlar milli problemlərimizin heç birinə hər hansı şəkildə xarici məkanlarda sinə gəlməyiblər, bu savaşı aparmayıblar. Ermənilərin Batumi konfransında gündəliyə daşımaq istədikləri məsələlər vardı. Bu problemlərə münasibətdə də radikal müxalif kəsimində fəallıq, canfəşanlıq görmürük. Bütün bunlar sözün həqiqi mənasında, gözlənilməz deyildi. İkinci bir tərəfdən, Azərbaycan cəmiyyətində birdəfəlik bilinməlidir ki, müxalif fəaliyyət aparmaq heç bir halda ölkəni satmaq, onun mənafelərini qurban vermək demək deyil. Belə adamlar xal qazana bilməzlər. Ona görə də bu tədbiri Azərbaycan daxilindəki bir sıra qüvvələr üçün özünüifşa səhnəsi adlandırardım. Mediada bir neçə gün davam edən proseslər sübut edir ki, onlar hansı təfəkkürlə mübarizə apardıqlarını hələ də kəsdirə bilməyiblər. Müxtəlif televiziyaları tənqid edərək onları firqə maraqlarına bağlılıqda suçlandırdıqları halda, özləri Taliban təfəkkürü ilə sanki Əfqanıstanda "boyevoy listovkalar" istehsal olunan kağızları dövriyəyə çıxarırlar. Belə dünyagörüşü ilə nəinki siyasi mübarizədə, ümumiyyətlə, həyatda var olmaq çətindir. Amma nə edək ki, ölkəmizdə belə bir çıxdaş olunmuş qüvvələr var".

Vəhdət Partiyasının sədri Tahir Kərimli də bu qənaətdədir ki, radikal kəsimin həmin hərəkəti dövlətçiliyimizə düşmən mövqe sərgiləmələrindən qaynaqlanır: "Gördüyünüz kimi, Batumidəki tədbirdə Çexiyanın "People in Need" təşkilatının addımları mətbuatın, xüsusən də müxalif mətbuatın diqqətindədir. Məsələ ondan ibarətdir ki, belə hərəkətlərilə iqtidara qarşı bəzi radikalllar guya ki, müxalifətçilik sərgiləyir. Amma bu radikalların özləri üçün biznes strukturları yaratmaları da yaddan çıxmayıb. İndi guya müxalifətçi olublar, hər kəslə olmağa razıdırlar, təki bu iqtidarın düşməni olsunlar. Hamıya məlumdur ki, Çexiyanın bu təşkilatı birbaşa ermənilərlə bağlıdır. Batumda keçirilən tədbirin təşkilatçısı da ermənidir. Bu bilinə-bilinə radikal kəsimin həmin çex təşkilatını dəstəkləməsini ancaq onda görürəm ki, kim olursa-olsun təki bu iqtidara təzyiq edilsin. Hakimiyyətə qarşı hər zərrə narazılığı xaricə daşımaqla bundan öz şəxsi maraqları naminə istifadə etməyə çalışırlar. Radikal müxalifətin açıq şəkildə həmin çex təşkilatını və ermənilərin mənafeyinə uyğun olan hadisəni müdafiə etmələrini ancaq Azərbaycan dövlətinə qarşı yönəlik tədbir kimi qiymətləndirmək olar. Birinci Dünya Müharibəsində Lenin yazırdı ki, hər bir xalq müharibəni öz dövlətlərinə qarşı yönəltməlidir. Ona görə də xalqları öz iqtidarına qarşı mübarizəyə çağırırdı. Hazırda radikal müxalifətin sərgilədiyi mövqe də məhz bundan ibarətdir".

Sizin Reklam Yeriniz