Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 nəfərədək əcnəbi cəza çəkir. Bu barədə Trend-in rəsmi sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildiriblər.
Sorğuya cavab olaraq qeyd edilib ki, Penitensiar
xidmətin cəzaçəkmə müəssisələrində Belarus, Böyük Britaniya, Çin,
Əfqanıstan, Gürcüstan, Hindistan, İordaniya, İran, İsrail,
Qazaxıstan, Litva, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna,
Suriya, Kamboca, Slovakiya, Kamerun, Özbəkistan və Türkmənistan
vətəndaşları cəza çəkirlər.
Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan xarici
ölkə vətəndaşları arasında Rusiya, Özbəkistan, İran, Türkiyə və
Gürcüstan vətəndaşları əksəriyyət təşkil edirlər. Onlar əsasən
narkotik vasitələrin qanunsuz dövriyyəsinə, oğurluğa və sərhəd
pozuntusuna görə məhkum olunmuş şəxslərdir.
Qeyd edilir ki, cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş hüquqları tam təmin olunur. Təmsil olunduqları ölkələrin diplomatik nümayəndəliklərinə həmin şəxslərə baş çəkilməsi üçün müvafiq şərait yaradılır.