Əlaqə Arxiv
news Image
2014.11.27
10:47
| A A A
Birinci xanım Parisdə təqdimatda
Parisdə "Bakı 2015"in - ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub.Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən təqdimat mərasiminə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar. Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının "Bakı 2015" - ə həsr olunan bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. "Biz birlikdə" adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərinin təsvir olunduğu əsərləri sərgilənib. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə, özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletleri də təqdim edilib.Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib. O, hamını səmimi qəlbdən salamlayıb. "İlk Avropa Oyunlarının təqdimat mərasiminə xoş gəlmişsiniz. Bildiyiniz kimi Avropa oyunları Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində gələn il keçiriləcək. Oyunlara altı mindən çox idmançı qatılacaq və 20 idman növündə yarışlar keçiriləcək.Şübhəsiz ki, Avropa Oyunları Avropa idman tarixində yeni səhifə açacaq və ilk Avropa Oyunlarını tarixdə birinci oyunlar kimi qalacaq yarışları hazırlamaq, qəbul etmək və keçirmək Azərbaycan üçün böyük şərəfdir və böyük məsuliyyətdir. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük dəstəklə qarşılanıb və mən Avropa Olimpiya Komitəsinin prezidentinə və bütün üzvlərinə öz dərin minnətdarlığımı çatdırıram.Əziz dostlar, artıq 23 ildir ki, müstəqil Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Biz qədim tarix və mədəniyyətə malik olan xalqıq və əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimiz. Müstəqillik dövründə əldə edilən uğurlar və nailiyyətlər Azərbaycan xalqı üçün çox vacibdir.Azərbaycan müstəqillik dövründə iqtisadi və siyasi islahatları bərabər apararaq demokratiya prinsiplərinə əsaslanan azad cəmiyyət və güclü iqtisadiyyat qurmağa nail olub. Bu gün ölkəmizdə bütün azadlıqlar mövcuddur. Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70 faizindən çoxu bundan faydalanır.

Azərbaycan çox millətli və çox konfessiyalı dövlətdir. Əsrlər boyu müxtəlif dinlərin və millətin nümayəndələri ölkəmizdə qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Müstəqilliyimiz bərpa olunduqdan sonra bu meyllər daha da güclənib və təsadüfü deyil ki, Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib və bu yaxınlarda ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.Azərbaycan son illər ərzində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Son on ildə Azərbaycanın iqtisadi artımı üç dəfədən çox, büdcə xərcləri iyirmi dəfə artıb, yoxsulluq və işsizliyin səviyyəsi beş faizə enib. Bu gün biz təhsil sisteminin inkişafına çox böyük diqqətlə yanaşırıq. Təhsil sistemində mühüm islahatlar aparılır. Çünki hər bir ölkə üçün, hər bir xalq üçün onun gələcəyi, onun gələcək inkişafı və uğurları məhz insan amilindən, onun savadlı, bilikli gənclərindən asılıdır. Ölkəmizdə son on il ərzində üç mindən çox yeni məktəb inşa olunub və təmir edilib, yüzlərlə azərbaycanlı gənc dövlətin dəstəyi ilə dünyanın aparıcı universitetlərində və ali məktəblərində təhsil alır.Azərbaycanın beynəlxalq arenada nüfuzu ildən ilə artmaqdadır və bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun sübutu olaraq 155 ölkənin səsi ilə Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri daimi üzv seçilmişdi. İki həftə bundan əvvəl 2001-ci ildən üzv olduğumuz Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanın sədrliyi uğurla başa çatıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da öz töhfəsini verir. İki ay bundan əvvəl "Cənub" qaz dəhlizinin təməli qoyulub və bir neçə ildən sonra Azərbaycan qazı Avropaya nəql olunacaq və beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha da güclü töhfə verəcək.Biz Avropanın beynəlxalq qurumları ilə əməkdaşlıq qurmuşuq və Avropa ölkələri ilə qarşılıqlı maraq və hörmət əsasında münasibətləri qururuq. Fransa Avropanın aparıcı dövlətidir və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Fransa-Azərbaycan əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldırılıb. Bu münasibətlər siyasi, iqtisadi, humanitar sahələri əhatə edir. Parlamentlərarası münasibətlər güclənir və çox şadam ki, mən Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik edirəm.Bu il Fransada Azərbaycanın Dostları Assosiasiyası bərpa olunub. Ölkəmizdə əllidən çox fransız şirkəti fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın universitetlərində təhsil alır. Bakıda fransız liseyi artıq ilk şagirdləri qəbul edir və paytaxtımızda Fransa universitetinin açılması barədə danışıqlar aparılır. Bakıda " Ağ şəhər " adlı yaşayış mərkəzi inşa olunur və burada aparılan tikintinin bir qismi fransız üslubunda, Parisin memarlıq üslubunda inşa edilir. İdman sahəsində ölkələrimiz arasında olan əlaqələr də inkişaf edir və mən ümid varam ki, Avropa Oyunlarına hazırlıq dövründə yaradılan bütün imkanlardan istifadə olunacaq və bu əlaqələr daha da güclənəcək. Əziz qonaqlar, mən ölkəmiz haqqındavə Fransa-Azərbaycan arasındakı dostluq əlaqələri haqqında çox danışa bilərəm. Mən tədbir və idman barəsində də də bir neçə söz demək istərdim.Azərbaycanda idmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə idman infrastrukturunun qurulmasına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 40-dan artıq yeni müasir olimpiya mərkəzləri inşa olunub. Biz idmançılarımızın nailiyyətləri ilə fəxr edirik. Müstəqil ölkə kimi Azərbaycan olimpiya oyunlarına 1996-cı ildən qatılıb və oyundan-oyuna qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya oyunlarında yığma komandamız iki qızıl olmaqla on medal qazanaraq bu nəticə ilə Avropa ölkələri arasında onbeşinci, ümumi iştirakçılar arasında isə otuzuncu yeri tutub. Bu il Çində yeniyetmələr arasında keçirilən olimpiya oyunlarında gənc atletlərimiz beşi qızıl olmaqla on iki medal qazanaraq 200-ə yaxın iştirakçı ölkə arasında onuncu yeri tutublar. Əlbəttə bu, böyük nailiyyətdir. Bütün bu faktları, o cümlədən atletlərimizin bu uğurlarını, ölkə infrastrukturlarını, idmana dəstəyi və əlbəttə ölkənin inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Azərbaycanda keçirməyə qərar verdi. Hazırlığa cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq Avropa Oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindəyik. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, təşkilat komitəsi beynəlxalq idman qurumları ilə birgə çalışır. İnşa olunan bütün idman obyektləri vaxtında tamamlanacaq və hər birində yoxlama yarışları keçiriləcək.Bir neçə gün bundan əvvəl paytaxtımızda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iclası ilə bağlı ölkəmizə gələn qonaqlar bütün hazırlıq işləri ilə yaxından tanış olublar. Ümidvaram ki, ilk Avropa Oyunları olimpiya hərəkatının prinsipləri olan dostluq, sağlam rəqabət və həmrəylik şəraitində keçiriləcək. Sonda əziz dostlar, sizi bu tarixi oyunları izləmək üçün Azərbaycana dəvət edirəm.Bu axşam bizimlə olduğunuza görə hər birinizə öz dərin minnətdarlığımı çatdırır və xoş axşam arzulayıram".
Daha sonra mərasim iştirakçıları "Bakı-2015"ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. 65 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik tutumu olan Olimpiya şəhərciyi də oyunlara hazırlanır.
Sizin Reklam Yeriniz