Yer kürəsində qlobal iqlim
dəyişiklikləri sürətlə davam edir və proses əsrin sonunadək dayanan
deyil. Hava şərtlərinin ekstremal qaydada dəyişməsi mərhələlərlə
olacaq. İstiləşmə soyuqlaşma, daşqınlar və sellər quraqlıqlarla
əvəzlənəcək.
21-ci əsrin sonunadək qlobal miqyasda ən azı 10 böyük quraqlıq, bir o qədər də daşqınlar, sunamilər və sellər olacaq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki,
Britaniyanın Kral Cəmiyyətinin (Royal Society) hazırladığı
hesabatda belə deyilir.
Britaniyalı alimlərin fikrincə, hava
şərtlərinin kəskin dəyişməsi və ekstremal iqlim "yenilikləri" yaxın
illərdə daha intensiv olacaq, indi subtropik iqlim qurşağında
yerləşən ölkələrdə havalar pisləşəcək.
Yaxın 90 ildə insan həyatı üçün çox təhlükəli olan iqlim dəyişiklikləri, xüsusilə də havaların həddən artıq istiləşməsi az qala normaya çevriləcək.
Avropa ölkələrində yay aylarında bürkülər və həddən artıq isti havalar "norma"ya çevrilə bilər.
Eyni zamanda, qışda ekstremal soyuqlar və
şaxtalar da gözlənilməz olmayacaq.
Asiya, Afrika, Avstraliya, Cənubi və Şimali Amerikalarda iqlim dəyişiklikləri insanların həyatı üçün real təhlükə mənbəyinə çevriləcək.
Baş verəcək proseslər xüsusilə də yaşlı adamlar
üçün təhlükəlidir.
"2100-cü ilədək dünyanın bir çox ölkələrində
quraqlıq, bürkü, havaların həddən artıq isti keçməsi adi hala
çevrilə bilər. İndiki dövrlə yanaşı, sel və daşqınların sayı 4 dəfə
artacaq. Hazırda yay aylarının yetərincə sərin keçdiyi ölkələrdə
iyun, iyul, avqust və sentyabr aylarında havanın orta
temperaturunun 38,5 dərəcə olacağı gözlənilir. Yay aylarında
havaların çox isti keçməsi açıq havada işləməyi çətinləşdirəcək. Bu
isə kənd təsərrüfatına, ərzaq məhsullarının istehsalına xüsusilə
ağır və mənfi təsir edəcək. Yaxın illərdə bəşəriyyəti olduqca çətin
sənələr, ağır sınaqlar gözləyir", - hesabatda deyilir.
Hesabat müəlliflərindən biri, Ekseter
Universitetinin professoru Piter
Koksun dediyinə görə, əhalinin aztəminatlı, yaşlı təbəqəsi
iqlim dəyişikliklərindən daha çox ziyan görəcək: "Havaların ifrat
istiləşməsi və ya soyuması qlobal miqyasda iqtisadi problemlərlə
yanaşı, xəstəliklərin də sayını artıracaq. Bu bəlaların çarəsini
indidən aramalı, problemləri həll etməyə çalışmalıyıq. Əks
təqdirdə, çox gec ola bilər".
Uillis Elmi-Tədqiqat Şəbəkəsinin (Willis Research Network) rəhbəri, hesabat müəlliflərindən biri Rouen Duqlas hesab edir ki, bundan sonra istisnasız olaraq bütün dövlət qurumları və şirkətlər qlobal iqlim dəyişikliklərinin fəsadlarını, mümkün sonuclarını nəzərə almalıdırdar. Xüsusilə də inşaat işlərində, layihələndirmə prosesində ən xırda nüanslar belə, hesablanmalıdır.