Azərbaycanda beş dövlət standartı ləğv edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə
qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata
keçirib.Movqe az xəbər verir ki, komitədən "APA-Economics"ə
verilən məlumata görə, dövri yoxlamada məqsəd standartlaşdırma üzrə
normativ sənədlərdə qoyulan tələblərin beynəlxalq standartlara,
norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi
milli standartlarına, elm, texnika və texnologiyanın müasir
nailiyyətlərinə əsaslanması səviyyəsini öyrənmək, məhsulların
istifadəsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin
şərtlərini, əmək rejimi və şəraitini nəzərə almaq, habelə
Azərbaycanın qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddəaların
pozulmasının qarşısını almaqdır.Dövri yoxlama nəticəsində 5 dövlət
standartı Komitə tərəfindən ləğv edilib.Bunlar, AZS 007-94
"Peçenye. Texniki şərtlər" və AZS 008-94 "Yulaf peçenyesi. Texniki
şərtlər" dövlət standartları müasir tələblərə cavab vermədiyinə,
aktuallıqlarını itirdiyinə və son illər bu standartlarla məhsul
istehsal olunmadığı üçün, AZS 009-1994 "Qazlı su. Texniki şərtlər"
dövlət standartı müasir tələblərə cavab vermədiyi, eyni zamanda AZS
282-2007 "Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər" dövlət
standartı qüvvədə olduğu üçün, AZS 085-2003 "Yataq ağları. Ümumi
texniki şərtlər" dövlət standartı Azərbaycan Respublikası dövlət
standartlaşdırma sisteminin əsasını təşkil edən AZS 1.5-96 dövlət
standartının tələblərinə uyğun olmadığı üçün və AZS 255-2007 (TŞ
6606/1989) "Xərək və xərək tutqacları" dövlət standartında ölkədə
qüvvədə olmayan türk standartlarına istinad olunduğu üçün ləğv
edilib.