Əlaqə Arxiv
news Image
2012.07.31
18:01
| A A A
Daxili İşlər Nazirliyi məlumat yaydı

İyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu, ölkə həyatının bütün sahələrində əldə olunmuş irəliləyişlər qanunla müəyyən edilmiş funksiyaların 2012-ci ilin 6 ayında da layiqincə yerinə yetirilməsini şərtləndirmişdir.
Cinayətlərin qarşısının alınması və açılması, ictimai asayişin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri inkişaf etdirilmiş, insan hüquq və azadlıqlarının qorunması işi daha da yaxşılaşmış, kriminogen durum nəzarətdə saxlanılmışdır. Möhtərəm dövlət başçımızın xüsusi diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin və iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlər, elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktiki işin səmərəsini xeyli artırmışdır.
Hesabat dövründə qarşıda duran başlıca vəzifələrdən biri cinayət və hadisələr barədə məlumatlara operativ və məqsədyönlü reaksiya verilməsi olmaqla, vətəndaşların polis orqanlarının növbətçi hissələrinə etdikləri 77.000 müraciət üzrə qanuni tədbirlər görülmüş, "102" xidməti tərəfindən məişət zəminində baş vermiş 4000 hüquqazidd əməlin qarşısı alınmış, 7 mindən çox vətəndaşa hüquqi yardım göstərilməsi təmin edilmişdir. "Təhlükəsiz Şəhər" sisteminin imkanlarından daha səmərəli istifadə edilmiş və aşkarlanmış hadisələrin sayı ötən ilin 6 ayı ilə müqayisədə 1,5 dəfə yaxud 1264 fakt çox olmuşdur. Nəticədə 3473 yol-nəqliyyat hadisəsi, 258 ictimai asayişin pozulması, 79 avtoxuliqanlıq, 41 yanğın, axtarışda olan 61 avtomobil və s. müəyyən edilmiş, 28 cinayətin üstü açılmışdır. Qanunsuz saxlanılan 582 odlu silah, 26 mindən çox sursat götürülmüşdür.
Həyata keçirilən kompleks tədbirlər cinayətlərin, onların müxtəlif növlərinin, habelə ayrı-ayrı subyektlərinin kriminal aktivliyinin azalması, bütövlükdə əməliyyat-xidməti fəaliyyətdə pozitiv nəticələrin əldə edilməsi ilə səciyyəvi olmuşdur. Hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 1,5 faiz, onların strukturunda qəsdən adam öldürmə və ona cəhdlər 3,8 faiz, odlu silahın tətbiqilə törədilənlər 15,9 faiz, quldurluqlar 33,3 faiz, soyğunçuluqlar 3,5 faiz, oğurluqlar 18,4 faiz, cibgirliklər 28 faiz, yol-nəqliyyat hadisələri 6,3 faiz azalmışdır. Həmçinin yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 7,2 faiz, qrup halında baş verən cinayətlər 5,8 faiz, o cümlədən əvvəllər məhkum olunmuşlardan ibarət qrupların törətdiyi cinayətlər 25,3 faiz az olmuşdur.
Nazir müavini vurğulamışdır ki, bütün uçot subyektləri üzrə 11.953 cinayət qeydə alınmış və onların 95 faizi (11.343-ü) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuşdur. Təsnifatına görə həmin cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir.
Cinayətlərin açılması 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlmiş, açılmış cinayətlərin sayı 10 faiz və ya 861 fakt çox olmuşdur. Bununla yanaşı, ağır və xüsusilə ağır cinayətlərin açılması 7,5 faiz, qəsdən adam öldürmələrin açılması 8,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 12,5 faiz, quldurluqların açılması 4,9 faiz, soyğunçuluqların açılması 8,1 faiz, oğurluqların, o cümlədən cibgirliklərin açılması müvafiq olaraq 10,2 və 14,3 faiz, bütövlükdə mülkiyyət əleyhinə cinayətlərin açılması 10,5 faiz yaxşılaşmışdır. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 212, habelə əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə" 487, elmi-texniki vasitələrlə 1796 cinayət açılmışdır. Bu işdə vətəndaşlarımızın da rolu böyük olmuş və onlar 2000-dən çox cinayətin açılmasında yaxından iştirak etmişlər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1030 nəfəri birləşdirən 396 cinayətkar qrup, eləcə də 49 nəfərdən ibarət 9 mütəşəkkil dəstə zərərsizləşdirilmiş, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 55 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Təqsirləndirilən şəxslərin axtarışında da müsbət təmayül qeydə alınmış və bu işin göstəricisi 2,8 faiz yaxşılaşaraq hesabat dövründə 51,2 faiz təşkil etmişdir. Yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 47 təqsirləndirilən şəxs tutulmuş, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 48 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyənləşdirilmişdir.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə görülən işlər də davamlı olmuşdur. Qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılmış, 63 nəfərdən ibarət 26 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, 27 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. "Xaş-xaş" əməliyyat-profilaktik tədbirləri çərçivəsində ümumi çəkisi 236 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlərlə 65 (+2) fakt aşkarlanmış, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu növ hüquqazidd əməllərin qurbanı olan 35 şəxs müəyyən olunaraq cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 7 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanmış və qeyri-leqal dövriyyədən ümumi məbləği 22 min manat təşkil edən 2167 ədəd əskinas çıxarılmışdır.
Bildirilmişdir ki, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpasında mühüm funksiyaları yerinə yetirən istintaq və təhqiqat aparatı əməkdaşlarının fəaliyyəti də qənaətbəxş olmuşdur. Müstəntiqlər tərəfindən ötən ilin 6 ayı ilə müqayisədə 0,7 faiz çox, yəni 11.497 cinayət işinin istintaqı aparılmış, onlardan 42,5 faizi ittiham aktı ilə məhkəmələrə göndərilmişdir. Vətəndaşlara və dövlətə dəymiş milyonlarla manat maddi ziyandan 92,5 faizi ödətdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.
Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində texniki sistemlərin tətbiqinin və inzibati tənbehlərin sərtləşdirilməsinin hadisələrin qarşısının alınmasına müsbət təsiri olmuşdur. Qəzaların sayında qeydə alınmış 6,3 faiz azalma əsasən sürət həddinin aşılması və nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması kimi xətaların profilaktikasının gücləndirilməsindən irəli gəlmişdir. Ümumilikdə yol hərəkətinə nəzarət prosesində 10,2 faiz çox və ya 450 minə yaxın qayda pozuntusu müəyyən edilmiş, 1013 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. Avtoxuliqanlıq etdiyinə görə 299 nəfər, şüşələrinə pərdə və plyonka çəkmiş 4530 sürücü barəsində qanunauyğun ölçülər götürülmüşdür.
Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, qarşıya qoyulmuş məsul tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi qeyd olunmuşdur.
Polis general-leytenantı Vilayət Eyvazov müraciətlərə baxılması və vətəndaşların qəbulu üzrə fəaliyyətin də məqsədyönlü şəkildə davam etdirildiyini, hesabat dövründə 17.544, o cümlədən elektron poçt ünvanına daxil olmuş 3550 ərizə və şikayətin araşdırıldığını, bütün müraciətlər üzrə təşəbbüskarların yazılı məlumatlandırıldığını, hüquqlarının izah olunduğunu diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 1500-dən çox vətəndaş qəbul edilmiş və qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapmışdır. Həyata keçirilən bu və digər vacib tədbirlərin, xüsusən qanunçuluğun möhkəmləndirilməsinin müsbət nəticələrindən biri də polis əməkdaşlarından şikayətlərin sayının 30 faiz, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olmuş şikayətlərin isə 25,5 faiz azalmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci ildə imzaladığı Fərmana uyğun olaraq əhaliyə göstərilən 25 elektron xidmət dövlət qeydiyyatına alınmış, 478 əməkdaşa elektron imza sertifikatı verilmiş, Nazirlik, Elektron Hökumət Dövlət İnformasiya Sisteminə (EHİDS) qoşulmuşdur. Hazırda hər bir elektron xidmətin Hüquqi aktların dövlət reyestrinə daxil edilməsi üzrə iş aparılır.
Məruzə ətrafındakı müzakirələrdə çıxış edənlər görülmüş işlər və fəaliyyətdə yol verilmiş nöqsanlar, eləcə də, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə danışmışlar.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsanların qaldığını nəzərə çatdırmışdır.O, ərazi polis orqanlarının rəislərindən qanunçuluğun daha da möhkəmləndirilməsini, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin davamlı və məqsədyönlü aparılmasını, gənc əməkdaşların işlədiyi sahənin bacarıqlı mütəxəssisləri kimi yetişmələri üçün lazımi şəraitin yaradılmasını, onlara diqqətin artırılmasını tələb etmişdir.
General-polkovnik Ramil Usubov vətəndaşların müraciətlərinə baxılmasının keyfiyyətinin yüksəldilməsi, yeni informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermişdir.
Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, cari ili yüksək göstəricilərlə başa vurmaq üçün şəxsi heyət cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan mühüm vəzifələri, eləcə də zati-alilərinin ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını tam həcmdə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, əldə olunmuş müsbət nəticələri daha inkişaf etdirəcəkdir. Bunun üçün əməkdaşların və hərbi qulluqçuların kifayət qədər peşəkar hazırlığı, təcrübəsi, bilik və bacarığı, ən əsası, ölkə rəhbərliyinin daxili işlər orqanlarının maddi-texniki təminatının, sosial və məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş iradəsi, vətəndaşlara diqqət və qayğıdan irəli gələn hərtərəfli dəstəyi vardır.

Sizin Reklam Yeriniz