Əlaqə Arxiv
news Image
2012.08.01
08:17
| A A A
Azərbaycana qarşı Britaniya mediasında yeni çirkin kampaniya
Bu dəfə BBC-nin ənənəsini «Sky News» televiziyası davam etdirir

Azərbaycanın əldə etdiyi uğurlara bəzən Qərb ölkələrinin media orqanlarının kifayət qədər qərəzli mövqedən yanaşması heç kimə sirr deyil. Bu sıraya idman sahəsi də daxildir. Ötən il yaşanmış "boks qalmaqalı" da qeyd edilənlərin hələ yaddaşlardan silinməyən təsdiqidir. İndi dünyanın böyük diqqətlə izlədiyi London Olimpiya Oyunlarında yenidən ölkəmiz barəsində dezinformasiya yayılır və bunun arxasında antiazərbaycançı qüvvələrin dayanması artıq heç bir şübhə doğurmur.

Qeyd edək ki, Britaniyanın "Sky News" televiziyası gizli çəkiliş vasitəsilə bir neçə azərbaycanlının Olimpiya oyunlarının keçirildiyi "Excel" mərkəzinin qarşısında bilet satdığını aşkara çıxardığını iddia edib. Kanal bildirir ki, Azərbaycan bayrağı gəzdirən şəxsin 20 funta satdığı biletin üzərində "Azərbaycan Olimpiya Komitəsi" sözləri yazılıb. Biletlər avqustun 3-ə planlaşdırılan yüngünçəkili boks oyunlarını izləmək üçündür. London 2012 Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov isə kanalın iddialarını qətiyyətlə rədd edib və biletlərin üzərində belə söz yazılması barədə məlumatların həqiqətə uyğun olmadığını deyib: "Olimpiya oyunlarının keçirildiyi "Excel" mərkəzinin qarşısında bilet satan şəxs azərbaycanlı ola bilməz. Çünki azərbaycanlıların özlərinə bilet çatışmır". O, BBC-yə açıqlamasında digər maraqlı fikirlər də səsləndirib: "Mən özüm 125 funt sterlinqə bilet alıb Azərbaycan rəsmilərinə verirəm, oyunlar başlayandan bəri son bir həftədə biletlərə 2000 funt sterlinq xərcləmişəm, çeklər də məndədir. Mümkün deyil. Heç kəsdə bu qədər bilet yoxdur". Azərbaycan rəsmisi eyni zamanda ehtimal edib ki, "Sky News" televiziyasının videoya çəkdiyi və üzünü göstərmədiyi şəxs Bakıdan "turist paketi" ilə Olimpiya Oyunlarını izləməyə gəlmiş adamlardan biri ola bilər: "Turist paketi içərisində ona günə bir bilet verilir. Onda cəmi 5-6 bilet ola bilər. Azərbaycanlılar bir gündə beş yerdə çıxış edirlər. Turist paketinə daxil olan biletlər isə gündə bir oyun üçündür. Avqustun 3-ə olan bileti heç kəs indidən satmaz. 20 funta heç kəs bilet satmaz". Cənab Mədətov həmçinin London Olimpiya Oyunlarının təşkilatçısı olan LOCOG şirkətindən narazılıq edib: "Biz bir il əvvəl biletlər sifariş vermişik. Onlardan sifarişimizin yalnız 25-30 faizini əldə edə bilmişik. İndi görürlər ki, artıq biletlər var, bizim sifarişlərin bir hissəsini yerinə yetirməyə başlayıblar".

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov isə deyir ki, ola bilsin, biletini satan turist olsun: "Nümayəndə heyəti orada biletlə işləmir. Onların akkreditasiyası var, akkreditasiyadan keçiblər. Onların bütün yarışlara buraxılışı var. Yenə deyirəm, onlarda bilet olmur. Azərbaycan nümayəndə heyətinə qarşı çox təxribatlar aparırlar. Bu da ola bilsin, bir təxribatdır. Gah deyirlər kimsə pulla medal alıb, ya da başqa haqsız məsələləri ortalığa atırlar. Ola bilsin, hansısa turist olub orda, əlində bilet olub, öz biletini satıb, ya da dəyişib. Bu, adi haldır, burada nə var ki? Biletlər "Improtex" vasitəsilə alınıb". Gənclər və İdman Nazirliyinin rəsmisi deyir ki, biletin üzərinə Beynəlxalq Olimpiya Komitəsinin işarəsi vurulur, Azərbaycan Olimpiya Komitəsinin yox.

İstisna olunmur ki, əslində, "Sky News" televiziyasının yaydığı kadrlar Azərbaycana qarşı yönələn və idman üzərində köklənən növbəti çirkin kampaniyadır. Özü də bu kampaniya hələ keçən ildən özünü göstərir. Xatırladaq ki, bundan əvvəl BBC televiziyası özünün "Newsnight" proqramında Azərbaycan tərəfinin Londonda keçiriləcək 2012-ci il olimpiya oyunlarında boks üzrə iki qızıl medal təmin etmək üçün beynəlxalq boks təşkilatı "World Series Boxing"ə (WSB) 10 milyon dollar rüşvət verməsinə dair iddialar irəli sürmüşdü. İddiaya görə, bu məbləğin əvəzində WSB təminat verib ki, Azərbaycan boksçuları Londonda iki qızıl medal qazanacaq. Lakin bu xəbərin heç də reallığı əks etdirmədiyi dərhal özünü göstərdi və buna görə də BBC-dən faktlar ortaya qoyulması tələb olundu. Lakin iddialar əsassız olduğu üçün meydana heç bir fakt qoyulmadı və baş verənlərin ölkəmizə qarşı iftiradan və çirkin kampaniyadan başqa heç nə olmadığı üzə çıxdı. Məlum oldu ki, bu qalmaqalın arxasında həm də Azərbaycanı istəməyən qüvvələr dayanır. Ümumiyyətlə, Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlar və faktiki olaraq dünyada sayılan idman ölkəsinə çevrilməsi çoxlarını narahat edir. Həmin qüvvələr ölkəmizlə açıq və təmiz mübarizə apara bilmədiyindən bu tip metodlara əl atmaqdan belə çəkinmir. Təhlilçilərə görə, belə qalmaqallı xəbərin meydana çıxmasına müəyyən səbəblər təsir göstərir. Əvvəla, qeyd olunduğu kimi, bu, Qərbin, xüsusən də Britaniyanın media orqanlarının ölkəmizə qarşı qərəzli mövqelərinin real təzahürüdür. İkincisi, Azərbaycanın son illərdəki idman uğurları bir sıra dairələri ciddi şəkildə qıcıqlandırır. Lakin necə deyərlər, it hürər, karvan keçər.

Sizin Reklam Yeriniz