Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Xaçmazda əməliyyat
keçirib. Əməliyyatda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları
da iştirak ediblər.
Həyata keçirilən əməliyyat nəticəsində radikal "vəhhabi"
təriqətinin üzvü olduğu ehtimal edilən iki nəfər saxlanılıb.
Onlardan biri Faiq Süleymanov Azərbaycanı tərk edərkən Yalama
sərhəd keçib məntəqəsində tutulub. Digər saxlanılan şəxs isə rayon
sakini Şahin Talıbovdur.
Əməliyyatçılar adıçəkilən şəxslərin evlərindən silah-sursat və
qadağan olunmuş dini ədəbiyyat aşkar edərək götürüblər.
APA-nın əldə etdiyi məlumata görə, bu MTN-in bir neçə gün əvvəl
Gəncə və bir sıra rayonlarda həyata keçirdiyi xüsusi əməliyyatın
davamıdır. MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri
nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və əhali
arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra
terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb.
Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və
Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri
nəticəsində silahlı birləşmənin saxlanılmış üzvlərindən
terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd
"AKM" tipli avtomat silah, 1 ədəd "RPK" tipli pulemyot, 2 ədəd
"Makarov", 1 ədəd "Naqan", 1 ədəd "Steçkin" tipli tapançalar, 2
ədəd "Karabin" tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı,
300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd
uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli
miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün
daraq, 30 ədəd "Kenwood" markalı rabitə aparatı, 3 ədəd süngü
bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə
qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər
əşyalar aşkar edilərək götürülüb.
Bildirilib ki, Gəncə şəhərində həyata keçirilmiş əməliyyat
tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi
təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət
göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər
tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və
əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir
əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən
şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü
isə yaxalanıb.
Gəncədə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən silahlı,
Zaqatalanın Aşağı Tala kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar
İsmixan oğlu Padarovdur. V. Padarovun qardaşı Mehdi Padarov isə
MTN-in Zaqatalada keçirdiyi əməliyyat zamanı həbs edilib.