Əlaqə Arxiv
news Image
2012.08.09
09:00
| A A A
Subsidiyaların mexanizminin dəyişməsi zərurətə çevrilir
Vüqar Bayramov: “Subsidiyalar hektara görə yox, istehsal olunan məhsulun həcminə görə verilməlidir” Əhməd Əliyev: “Subsidiyaların ən yaxşı forması odur ki, o, məhsulun satışında verilsin”

Məlum olduğu kimi kənd təsərrüfatı sektorunda istehsalı stimullaşdırmaq üçün 2007- ci ildən etibarən fermerlərə dövlət tərəfindən subsidiyalar ayrılır. Amma elə həmin ildən verilən subsidiyaların məbləği də, verilmə mexanizmi də eyni cür qalmaqdadır. Halbuki, ötən dövr bunun təkmilləşdirilməsinin vacib olduğunu göstərir. Bir müddət əvvəl kənd təsərrüfatı naziri İsmət Abbasov da qeyd etmişdi ki, ölkə başçısı Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər dövlət qurumlarına fermerlərə verilən subsidiyaların effektivliyinin daha da artırılması barədə tapşırıq verib.

Ekspertlər də istehsalın artırılması üçün verilən subsidiyaların məbləğinin, əsasən də verilmə mexanizmlərinin dəyişdirilməsinin vacibliyini vurğulayırlar.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycanda aqrar sektora verilən subsidiyalar hazırda strateji və adi məhsullar üzrə qruplaşdırılır: "Burada strateji məhsullar üzrə subsidiyaların həcmi adi məhsullar üzrə verilən subsidiyaların həcmindən 2 dəfəyə qədər çoxdur. Strateji olmayan məhsullar istesal edən fermer təsərrüfatlarının hər hektarına 40, strateji məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80 manat ödənilir. Praktikada tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Ona görə də aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. Bu yalnız aqrar sektorun subsidiyalarının məbləğində öz əksini tapmamalıdır. Eyni zamanda aqrar sektora ayrılan subsidiyaların məbləğinin müəyyənləşdirilməsində də həlledici olmalıdır. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var. İkincisi, Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Yəni, praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Bu da kifayət qədər sadə üsuldur. Yəni, fermerin hansı həcmdə məhsul istehsal etməsindən asılı olmayaraq, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır".

Ekspert bildirir ki, subsidiyalarin ABŞ və Avropada tətbiq edilən meyarlar əsasında tətbiq edilməsi mümkündür: "Bu meyar ondan ibarətdir ki, subsidiyaların məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Yəni, daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Az istehsal edən fermer isə az subsidiya almalıdır. Yəni, faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir. Eyni zamanda subsidiyaların məbləğinə yenidən baxılması və onun dəyişdirilməsi əhəmiyyətlidir. Çünki subsidiyaların məbləği son 3 ildə dəyişdirilməyib. Amma son 3 ildə fermerlərin xərclərində artım var. O baxımdan subsidiyaların məbləğinə yenidən baxılması, xüsusən strateji məhsulların istehsalına yönələn subsidiyaların məbləğinin artırılması daha məqsədəuyğundur. Ümumilikdə subsidiyalar daha çox fermerlərin məhsul istehsal etmələrini təşviq etməlidir".

Aqrar məsələlər üzrə ekspert Əhməd Əliyevin sözlərinə görə isə ayrılan subsidiyalar məqsədyönlü, əsaslandırılmış şəkildə istifadə olunursa, bunun əhəmiyyəti olur: "Əgər mexaniki olaraq kiçik ölçülü, səmərəsiz təsərrüfatlar arasında hərəsinə az miqdarda maliyyə dəstəyi göstərilirsə, bu, dövlət tərəfindən vəsait itkisidir. Son illər aqrar sahəyə ayrılan subsidiyaların nəticəsində artım müşahidə olunmur. Bu da onun göstəricisidir ki, subsidiyaların səmərəsi çox azdır".

Ekspert bildirir ki, Azərbaycanda indiki halda məhsul bolluğu var: "Pulu məhsulun istehsalına qoymaq lazım deyil. Onun satışına imkan yaradılmalıdır. Subsidiyaların ən yaxşı forması odur ki, o, məhsulun satışına verilsin. Dövlət məhsulu istehsalçıdan almalıdır. Ona uyğun da subsidiya verməlidir. Belə olan təqdirdə stimullaşma yaranar. İstehsalçının məhsul satışından əldə etdiyi 1 manat dövlətin verdiyi 40 manatdan səmərəlidir. Bundan başqa bizim ən böyük problemimiz odur ki, biz məhsulumuzu sata bilmirik. Dövlət istehsalçıya məhsulu satmaq üçün bazarda şərait yaratmalıdır".
Sizin Reklam Yeriniz