Əlaqə Arxiv
news Image
2012.08.17
18:32
| A A A
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib. APA-nın məlumatına görə, təbrikdə Ramazanın müqəddəsliyinin "Quran"ın məhz bu ayda nazil olması ilə bağlı olduğu vurğulanıb: "Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Şükürlər olsun ki, Uca Allahın istəyini qazanmaq üçün müsəlman qardaş və bacılarımız mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazan bayramına qovuşurlar. Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, inşallah. Bu əziz gündə biz Uca Allaha dualar edirik ki, inşallah, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın. Əziz bayram - Eydül-Fitr münasibətilə bütün müsəlmanlarımızı bir daha səmimi qəlbdən təbrik edir, xeyir-dua verir, hər birinizin ocağına rifah və əmin-amanlıq bəxş etməsini Uca Allahdan diləyirəm".

Təbrikdə daha sonra deyilir: "Məlum olduğu kimi, Azərbaycanda Şəvval ayının hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə avqustun 19-na və ya 20-nə təsadüf edəcək. Minnətdarıq ki, milli-mənəvi amilə hər zaman böyük dəyər verən dövlət başçımızın sərəncamı ilə Ramazan bayramı dövlət səviyyəsində rəsmən hər iki gündə qeyd ediləcək. Dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçək olsun! Allah orucumuzun əcri olaraq öz lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin! AMİN!"
 
Sizin Reklam Yeriniz