Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığı təsdiqləyən daha bir fakt ortaya çıxıb. Bu fakt silah satışına dair iki ölkənin müvafiq orqanları arasında imzalanmış müqavilədir. APA-nın əldə etdiyi 5/107-k saylı, 26 avqust 2011-ci il tarixli müqavilə Ukraynanın "Ukrspetseksport" Dövlət Şirkətinin törəmə müəssisəsi olan "Ukrinmaş" Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə Ermənistanın "DG Arms Corporation" şirkəti arasında bağlanıb.
Müqaviləni
"Ukrinmaş"ın direktor müavini Oleq Kostenko və "DG Arms
Corporation" şirkətinin Direktorlar Şurasının sədri
Davit Qalstyan imzalayıblar.
Müqaviləyə əsasən, "DG Arms Corporation" "Ukrinmaş"dan 298 min
dollar dəyərində 12,7x108 mm-lik 800 000 ədəd patron (264 min
dollar) və 12,7x108 mm-lik patron üçün 200 000 ədəd patron həlqəsi
(34 min dollar) alıb.
Ermənistan şirkəti aldığı hərbi əmlakı Birləşmiş Ərəb Əmirlərinə
satmalıymış. Müqaviləyə əsasən, satıcı – "Ukrinmaş" yükü
Albaniyanın paytaxtı Tirana şəhərindəki aeroporta çatdırmalı və
orada alıcıya verməliymiş.
Müqavilənin şərtinə görə, çatdırılmış hərbi əmlakın son
istehlakçısı Birləşmiş Ərəb Əmirliklərinin Silahlı
Qüvvələridir.
Qeyd edək ki, bir müddət əvvəl də Ukraynanın Ermənistana gizli
silah satması barədə məlumatlar yayılıb. Həmin silah satışının da
məhz "Ukrspetseksport" Dövlət Şirkəti ilə "DG Arms Corporation"
şirkəti tərəfindən həyata keçirildiyi Ukrayna Müdafiə Nazirliyinin
Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın
prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda əksini
tapıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi,
general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə
ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan
"Ukrspesexport" Dövlət Şirkəti ilə Ermənistanın "DG Arms
Corporation" şirkəti arasında "Smerç" reaktiv yaylım atəş sistemi,
onun raketləri (12 ədəd) və "İqla" tipli 50 ədəd portativ
zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.
Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün
MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan
istifadə olunmasını təklif edib.
Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini
ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd
olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və
enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspetsexport"a
"Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə
imtina etmək, Ermənistan şirkətinə isə "öz ətrafında etibarsız
təchizatçı" kimi "Ukrspetsexport"un rəhbərliyi və Ukrayna tərəfi
arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan
müraciət etmək təklif olunub.
Məlumatda həmçinin "Smerç"lərin saxta firmaların vasitəsi ilə
Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə
dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar
dəyişdirilməli, faktın üstü açılacağı halda "İqla" zenit
komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki
anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
Onu da əlavə edək ki, Ukrayna ilə Ermənistan arasında hərbi sahədə
əməkdaşlıq, eləcə də silah-sursat satışı Viktor Yanukoviçin
hakimiyyətə gəlməsindən sonra intensiv xarakter alıb. Ukraynanın
özünü strateji tərəfdaş adlandırdığı Azərbaycanın torpaqlarını
işğal altında saxlayan bir ölkə - Ermənistanla hərbi sahədə
gizli-açıq əməkdaşlığı gündən-günə genişləndirməsi narahatlıq və
müəyyən suallar doğurmaya bilməz.