Əlaqə Arxiv
news Image
2012.08.24
08:08
| A A A
"İndi dünyada Azərbaycan həqiqətləri daha çox eşidilir"
Vitse-spiker: "Suriyadakı ermənilərin Qarabağa qanunsuz köçürülməsi məsələsi ATƏT PA-da gündəmə gətiriləcək"

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin hər an dünya ictimaiyyətinə çatdırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Bunu SalamNews-a Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

Hazırda sözügedən siyasətin Azərbaycan dövləti tərəfindən çox uğurla həyata keçirildiyini xatırladan sədr müavini vurğulayıb ki, gələcəkdə də Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması müntəzəm aparılmalıdır. İndi dünyada erməni yalanları ifşa olunur və bu yalanlara inananların sayı azalır. Dünyada Azərbaycan həqiqətləri daha çox eşidilir.

B.Muradova deyib: "Bunun sübutu olaraq ayrı-ayrı ölkələrdə və beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsinə dair qəbul edilən sənədləri, erməni təcəvüzünün pislənilməsini, Azərbaycan xalqının ədalətsizliklə üzləşməsi barədə daha açıq formada bəyanatların verilməsini və dünya ictimaiyyətindən Ermənistanın bu işğalçılığa son qoyulmasının tələb edilməsini göstərmək olar. Biz bu işi ardıcıl şəkildə aparmalıyıq. İnanıram ki, bu iş də öz səmərəsini verəcək".

O qeyd edib ki, Suriyadakı etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq köçürülməsi məsələsi ATƏT Parlament Assambleyasının (PA) bütün tədbirlərində, o cümlədən yaxın vaxtlarda keçiriləcək payız sessiyasında Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılacaq.

O söyləyib ki, sessiyanı gözləməyə ehtiyac yoxdur. Çünki Azərbaycan nümayəndə heyəti ilə ATƏT PA arasında yaxşı əlaqələr mövcuddur və bundan lazımınca istifadə ediləcək. Onun sözlərinə görə, təkcə Azərbaycan nümayəndə heyəti deyil, o cümlədən bütün Azərbaycan vətəndaşları və gəncləri Suriyadakı etnik ermənilərin Qarabağa köçürülməsi məsələsini internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmalıdır. Ermənistan tərəfinin açıq şəkildə dünyadakı etnik erməniləri işğal etdikləri Azərbaycan ərazilərinə köçürdüklərini etiraf etməsi bu ölkənin beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadığını bir daha sübut edir.

B.Muradova deyib: "Biz bu məsələdə də dünya ictimaiyyətinin qınağını ermənilərə qarşı yönəltməyi bacarmalıyıq və bu məsələni dünya ictimaiyyətinin və medianın diqqətindən kənarda qoymamalıyıq. Biz buna qəti etirazımızı bildiririk. Çünki dünyanın istənilən yerindən, o cümlədən Suriyadan Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni olaraq etnik ermənilərin köçürülməsi beynəlxalq hüququn bütün prinsiplərinə və müharibə qanunlarına ziddir".
Sizin Reklam Yeriniz