Əlaqə Arxiv
news Image
2012.08.29
08:55
| A A A
Gənc ailələrin mənzillə təminat məsələsi cəmiyyətin prioritetinə çevrilib
“İpoteka kreditlərinin şərtlərinin sadələşdirilməsinə, ümumiyyətlə, ipoteka kreditləri ilə bağlı ayrılan vəsaitlərin artırılmasına ehtiyac var”

Parlamentin qarşıdan gələn payız sessiyasında hərbi qanunvericiliyə hələlik hansısa bir dəyişkilik nəzərdə tutulmur. Bunu Gün.Az-a açıqlamasında millət vəkili, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə dilə gətirib.

Millət vəkilinin dediyinə görə, əgər qanunvericilik təşəbbüsü subyekti tərəfindən bu yöndə hər hansı bir dəyişiklik layihəsi parlamentə gələrsə, o zaman üzvü olduğu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi ona baxa və müzakirə edilmək üçün parlamentin plenar iclasına tövsiyə edə bilər. A.Mirzəzadə eyni zamanda qeyd edib ki, bir parlamentari olaraq özünün növbəti payız sessiyasında səsləndirəcəyi bir sıra təklifləri də var:

"Hesab edirəm ki, ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməsinə, ümumiyyətlə, ipoteka kreditləri ilə bağlı ayrılan vəsaitlərin artırılmasına ehtiyac var. Ona görə ki, bu gün bu məsələ Azərbaycanın gənc ailələrinin və ümumilikdə cəmiyyətin prioritet istiqamətinə çevrilib. Bu baxımdan, ipotekaya daha çox vəsait ayrılmalı, eyni zamanda, onun şərtləri maksimum şəkildə yüngülləşdirilməlidir".

Millət vəkili, ümumiyyətlə, belə hesab edir ki, həm bütövlükdə ipotekanın, həm də sosial ipotekanın şərtlərinin sadələşdirilməsi vacibdir:

"Hətta, ümumi ipotekanı sosial ipoteka səviyyəsinə bərabərləşdirə bilsək, bu gün bu problemin həllinə daha böyük kömək olardı. Digər tərəfdən, ipotekaya ayrılan vəsaitin özü azdır. Düzdür, dövlətin xərcləri kifayət qədər çoxdur və dövlət bu gün tək mənzillə təminat məsələsinə deyil, digər məsələlərin həllinə də vəsaitlər ayırmalı olur.

Ancaq mənzil təminatı, xüsusilə, gənc ailələrin mənzil təminatı məsələsi cəmiyyətin prioritet istiqamətinə çevrilib və odur ki, bu məsələ öz həllini tapmalıdır", - deyə, millət vəkili sonra bildirib.

Sizin Reklam Yeriniz