Əlaqə Arxiv
news Image
2012.10.30
13:13
| A A A
Saxta dərsliklər daha böyük problemə çevrilir

Tədbirlərin görülməsinə baxmayaraq, satışı tamamilə dayandırıla bilməyən dərsliklər və dərs vəsaitləri... Vəziyyət hər kəsə məlumdur. Hər hansısa dərs vəsaitini almaq üçün əlimizə götürdüyümüzdə ilk ağlımıza gələn sual da bu olur: "görəsən saxta deyil ki?" Hələ satıcılar. And-aman edirlər ki, biz saxta mal satışa buraxmırıq.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məsələ ilə bağlı öz fikrini bildirdi: "Mən belə hallarla qarşılaşmamışam. Saxta dərsliklər yoxdu. Çünki, dərsliklərimiz kifayət qədər var."

Yayım Assosiasiyasının sədri Yaşar Zeynalov bu məsələ ilə əlaqədar Mövqe.az saytına məlumat verdi:"Saxta dərsliklərlə bağlı keçən il "Təhsil" nəşriyyatında böyük bir tədbir keçirdik. Tədbirdə saxta dərsliklərdən əziyyət çəkən valideyinlər, dərslikləri nəşr edən nəşriyyatlar iştirak edirdilər. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət elədik. Onlar da gəlib baxdılar, təsdiq də olundu. Saxta dərsliklərin satışı ilə məşğul olanlara vaxt verildi, xəbərdarlıq edildi. Onlar da söz verdilər ki, bir də belə işlər ilə məşğul olmayacaqlar. Amma çox təəssüf ki, bu gün də mən tam əminlik ilə deyərəm ki, satılan dərsliklərin 50% -i, bəlkə də bir az çoxu saxta dərsliklərdir. Bunlar indi o qədər inkişaf ediblər ki, artıq onların çap elədiyi dərsliklər, real nəşriyyatın çap elədiyi dərslikdən o qədər də fərqlənmir. Belə dərsliklərin dəyəri də real nəşriyyatlarda çap edilən dərsliklərin dəyərindən az olur. Mən Yayım Asossasiyasının sədri kimi, bunların hamısını görürəm. Biz bu məsələnin aradan qldırılması üçün müraciətlər eləmişik".

Yaşar Zeynalov saxta dərsliklərin vurduğu zərər haqında da məlumat verdi: " Saxta dərsliklərdə kağız normal nəşriyyatlarda istifadə edilən kağız deyil. Boyaları real nəşriyyatlar xaricdən gətirir, onlar tam sertifikat almış kraskalardır. Amma saxta kitablarda köhnə, ucuz boyalardan istifadə edirlər. Uşaq kitabın səhifələrini vərəqlədikcə təbii ki, əlini ağzına vurur və burda da xəstəlik yaranır. O boyanın tərkibində olan zəhərin uşağın orqanizminə keçmə təhlükəsi var. Bunlardan əlavə əsas fərq həm də odur ki, saxta kitablarda görmə, oxuma aydın deyil. Saxta kitablar üzdən köçürmə olduğu üçün eyni yazı keyfiyyəti alınmır. Bu da gözü yorur."

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, elə dərslikləri ayırmaq çox çətindir. "Saxta və saxta olmayan dərslikləri bir-birindən ayırmaq sadə vətəndaşlar üçün xeyli çətindir. Bunları ayırmağın ən sadə yolu iki dərsliyi yanaşı qoyub müəyyən müqayisələr aparmaqdır. Saxta dərsliklər insan səhhətinə mənfi təsir göstərir. Vəsait alarkən istehlakçılar diqqətli olmalıdırlar."

Çinarə BƏHƏRÇİNLİ


Sizin Reklam Yeriniz