Əlaqə Arxiv
news Image
2012.10.31
11:54
| A A A
Mehriban Xanlarova: “Mənim Etibar Süleymanov adında ərim yoxdur”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarovanın Gün.Az-a müsahibəsi:

- Son günlər haqqınızda xoşagəlməz xəbərlər yayılmaqdadır.

Etibar Süleymanov adlı şəxs sizinlə rəsmi nikahda olmasını iddia edib. Mətbuatda sizin ona 42 min manat borcunuz olması ilə bağlı açıqlama verib. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?


- Məhkəmə, qayda-qanun var. Məni fırıldaqçı kimi qələmə verir, guya onun pulunu yemişəm. Vallah, yalan söhbətdir. Bu adamın cibində hətta 20 qəpiyi də yoxdur. Onun bu əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinin 102-i nömrəsinə zəng vurub, şikayət etmişəm. O gün müğənni Səidə Sultan efir vasitəsilə dedi ki, o adamın hətta özünə siqaret almağa cibində pulu yoxdu.

- Bu adamla, sizə etdiyi əməllərlə bağlı aidiyyatı orqanlara müraciət etmisiniz?

- Hə, şikayət etmişəm. Zəng elədim polisə dedim ki, bəsdi artıq. Bu adam orada-burada deyir ki, mənimlə bağlı yuxarılara şikayət edəcək. Adama deyərlər ki, ay qardaş get işinlə məşğul ol. Axı sən kimsən ki, gəlib ortalığa düşmüsən?

Utanmır ona zəng edir, buna zəng edir. Mənə keçən dəfə ismarış göndərib ki, sənin məndə gəlinlik şəkillərin var. Ona dedim ki, bəyəm, səninlə toyum olub? Gəlinlikdə sənin yanında dayanmışam? Aktrisayam, mənim gəlinlik paltarında şəklimin olması isə çox normal haldır. Allaha and içirəm ki, mənim belə adda ərim yoxdur.

- Doğrudur ki, özünü sizin həyat yoldaşınız kimi təqdim edən adam tərəfindən döyülmüsünüz?

- Bu məsələ ilə bağlı ATV-nin canlı efirinə çıxdım. Makiyajsız verilişdə oldum, hamı üzümü gördü. Döyülən adam xəsarət alar da. Camaat gördü ki, mənim heç yerimdə yara-filan yoxdu. Dedi-qodunu yayan adamlara sübut elədim ki, kiminsə tərəfindən döyülən adam efirdə yox, xəstəxanada olar. Yeri gəlmişkən, mən yeni seriala çəkilirəm, orada elə bir səhnə vardı ki, guya məni döyürlər.

- Bəs yaxşı, bu adamın sizinlə nə problemi var?

- Bu adam tanınmışların nömrələrini tapıb, onlara zəng edir, özünü nüfuzlu, imkanlı biri kimi təqdim edir. İnsanlara özünün imkanlı bir məmur oğlu kimi tanıdır, milyonçu olduğunu deyir. Tanış olur, bir müddət keçəndən sonra onlardan sui-istifadə edir.

Hərəsinə bir yalan satıb, onlardan pul alır. Məsələn, birinə deyib ki, atam burada yoxdu, mənə 2 min manat lazımdı. Digərinə isə başqa bir yalan uydurub... Kim ki, onu sevib, inanıb, həmin məbləği ona verib. Mənimlə də eyni şeyləri eləmək istəyirdi, gördü ki, alınmır.

Firəngiz Mütəllibovaya da ismarışlar yazırmış. Firəngiz xanım həmin ismarışları silməyib, saxlayır. Mənə hədə-qorxu zəminində SMS-lər yazıb. Həmin mesajları hüquq-mühafizə orqanlarına təqdim etmişəm artıq.

- Qəribədir ki, həmin adama ərə getmənizlə bağlı xəbərlər də yayıldı...

- Onun əməlləridir, haqqımda yalandan müxtəlif şayiələr yayıb. Belə şeylərə uymayın, inanmayın. Sən demə, bu adam gedib, Şüvəlanda - öz kəndlərində deyirmiş ki, Mehriban Xanlarova özünün sürdüyü "Jeep"ini mənə bağışlayıb. Öz maşınımı niyə o adama hədiyyə etməliyəm?!

- Toyla bağlı dəvətnamələr də paylanmışdı axı...

- Sizə deyirəm ki, hamısı yalandı. Ona deyən gərək, niyə axı mən o dəvətnamələri heç görmədim? Yalandan yazıb, tarix də qoyar, ondan hər nə desən gözləmək olar. Başqa adla kəbin kağızının sürətini saytlara yayan adamdı bu, nə desən gözlənilər ondan. O, Etibar Süleymanov olduğu halda, başqa adlarla işlər çevirir.

- Etibar Süleymanovla əlaqə saxlayıb, hərəkətlərindən dolayı izahat istəyib, xəbərdarlıq etmisiniz?

- Mən heç o adamın səsini belə eşitmək istəmərəm. Axı o, kimdi ki?! O, mənə heç nə demir. Sadəcə, orada-burada danışır ki, Mehribanın mənə 42 min manat borcu var, qaytarsın. Mənə ismarış yazır ki, gör sənə hələ nələr edəcəyəm. Mənim Allahdan başqa heç kimdən qorxum yoxdur.

İnsanlar var ki, mənə dəstək olurlar. O gün bir toy məclisindəydim. Naxçıvanlı bir qadın mənə deyir ki, sən nə istəyirsən ona edək. Amma mən bu işi hüquq-mühafizə orqanlarının köməkliyi ilə yoluna qoyacağam.

Sizin Reklam Yeriniz