Əlaqə Arxiv
news Image
2012.04.18
03:11
| A A A
“Eurovision”la bağlı dərslər dayandırılmayacaq
Misir Mərdanov: “Məktəblərdə şagirdlər arasında narkomanların olması ilə bağlı məlumatım yoxdur ”

"Eurovision - 2012" mahnı müsabiqəsi ilə əlaqədar olaraq Bakı məktəblərində dərslərin vaxtından əvvəl dayandırılması barədə məsələ müzakirəyə çıxarılmayıb". Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, onda olan məlumata əsasən, belə bir qərarın qəbul olunması gözlənilmir: "Mənə elə gəlir ki, belə bir zərurət yaranmayacaq. Yəni bu yarış Bakının müəyyən bir hissəsində keçiriləcək. Müsabiqə keçirilən vaxt artıq bizim dərslər təxminən başa çatmaq ərəfəsində olacaq. Güman edirəm ki, belə bir hala zərurət yaranmayacaq".

Qeyd edək ki, "Eurovision-2012" müsabiqəsinin Təşkilat Komitəsi üzlərinin keçirdikləri mətbuat konfransında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Eurovision 2012" yarışması öncəsi orta məktəblərdə dərslərin dayandırılması barədə qərarın olmadığını bildirib. Fond rəsmisi qeyd edib ki, əvvəllər belə bir təklif səslənsə də, bununla bağlı qərar qəbul olunmayıb. Onun sözlərinə görə, Təşkilat Komitəsinin növbəti toplantısında bu məsələyə toxunulması nəzərdə tutulur.

Nazir daha sonra bildirib: "Mənim ümumtəhsil məktəblərində şagirdlər arasında narkomanların olması ilə bağlı məlumatım yoxdur".

M.Mərdanov qeyd edib ki, biz bu istiqamətdə müvafiq qurumlarla iş aparırıq və bundan sonra işlər daha geniş aparılacaq:

"Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyəti acınacaqlı hesab etmirəm. Ancaq bu arxayınlığa da əsas vermir. İstənilən halda məktəblərdə narkomaniyaya qarşı profilaktik tədbirlər aparılmalıdır".

Sizin Reklam Yeriniz