Əlaqə Arxiv
news Image
2012.11.13
15:33
| A A A
"Qərbdə bəyanatlarla niyyətlər üst-üstə düşmür”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Newtimes.az" portalına müsahibəsi

– Novruz müəllim, son zamanlar Qərbin bəzi media orqanlarında Azərbaycanla bağlı qərəzli yazılar dərc edilir. Buna münasibətiniz necədir?

– Azərbaycana qarşı belə təbliğat kampaniyaları əvvəllər də olub. Bu gün onu yenidən müşahidə edirik. Artıq belə şeylərə alışmışıq. Yəqin yadınızdadır, "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində və Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra belə təbliğat kampaniyaları apardılar. Bu proseslərlə bağlı bir neçə məsələni qeyd etməyi vacib hesab edirəm:

Bunlar müəyyən və konkret məqsədlərlə edilir, səbəbi də çox aydın görünür. Məsələn, bəzi dairələr qəbul edə bilmirlər ki, Azərbaycan kimi ərazicə kiçik bir dövlət bu qədər böyük nailiyyətlər qazanır: "Avroviziya", BMT Təhlükəsizlik Şurası, nəhəng layihələr, daxili sabitlik və rifah, regional liderlik və s.

Cənub Qafqazda niyə məhz Azərbaycan söz sahibi olsun. Ümumiyyətlə, bu cür çoxlu sayda səbəb göstərmək olar. Bütün bunlar Qərbdə bir sıra dairələri narahat edir. Buna görə də qısqanclıq özünü göstərir. Təəssüflər olsun ki, Qərbdə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatlarla həqiqi niyyətlər üst-üstə düşmür.

Bəs, son bir neçə həftə ərzində Qərbdə dərc edilən məqalələr haqqında nə deyə bilərsiniz?

– Son vaxtlar Azərbaycana qarşı yazılan materialları nəzərdən keçirdikdə, onların da konkret səbəbləri aydın olur.Bir neçə həftə əvvəl Azərbaycan Prezidenti hökumət üzvlərilə keçirdiyi müşavirədə bp şirkəti ilə əlaqədar bir neçə iradını bildirdi. Özü də dövlət başçısı bunu açıq, səmimi bəyan etdi. Bəyanat götürülən öhdəliklərin yerinə yetirilməsinin beynəlxalq münasibətlərdə zəruri olduğunu həmişə vurğulayan dairələrə belə bir mesaj idi ki, yüksək səviyyədə imzalanmış – müqavilə və saziş vasitəsilə təsdiq edilmiş sənəddə öhdəlik nə üçün yerinə yetirilmir. Bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Amma heç bir səbəb bu vəziyyətə bəraət qazandıra bilməz. Üstəlik, görün nə baş verdi? Məhz bu bəyanatdan sonra Qərbin bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən "Forbes", "Guardian", "Financial Times" və s.-də çox qəribə olsa da, bp-ni müdafiə edən materiallar çıxdı: Fikir verin, görün birdən hansı media orqanları reaksiya verdi. Bunun mənası nədir? Müqavilə ilə bağlı öz vəzifəsini yerinə yetirməyən bp-nin belə tezliklə müdafiəsinə qalxmaq nə deməkdir?

Ancaq məsələ heç bununla da məhdudlaşmadı. Həmin dairələr sonra nə isə düşünüb – bütövlükdə Azərbaycanı hədəfə götürməyi qərara aldılar. Bu zaman həm də Azərbaycan Prezidentini hədəfə götürdülər. Çünki bu gün Azərbaycanın bütün nailiyyətləri Prezident İlham Əliyevlə bağlıdır. Ona görə də diqqət edin nə baş verir: Böyük Britaniyanın Azərbaycandakı səfirinin şahzadə Endrü ilə görüşündən xəbər tutan məkrli jurnalist fürsətdən istifadə edərək Azərbaycan və Prezident haqqında heç bir əsası olmayan yalan, böhtan və cəfəngiyat dolu fikirlər söyləyir. Görəsən, bunları hansı məqsədlə edirlər? Yazıları oxuyan kimi, onların nə dərəcədə məkrli, yalan, böhtan olduğu aydın görünür.

Nə üçün belə hallar vaxtaşırı baş verir?

– Burada bir məsələni qeyd etmək vacibdir. Bu gün Qərb dünyanın ən inkişaf etmiş hissəsidir. Bütün sahələrdə bu belədir. Amma bunun səbəblərini də etiraf etmək lazımdır. Tarixdən və siyasətdən az da olsa xəbərdar olanlar çox yaxşı bilirlər ki, Qərb ölkələri son 200-300 ildə dünyanı müstəmləkəyə çevirərək, onun bütün sərvətlərini mənimsəyib. Hətta ağırlığı tonlarla ölçülən abidələrə qədər daşıyıb-aparıb öz şəhərlərində ucaldıblar. İndi həmin ölkələrin nümayəndələri gəlib həsrətlə bu abidələri ziyarət edirlər. Müstəmləkəçilik dağılanda isə proseslər elə istiqamətləndirilib ki, dövlətlər həmişə bir-biri ilə münaqişə etsin, müharibə aparsın. Bir sözlə, onların normal inkişafı mümkün olmasın. Yəni, geosiyasi maraqlar Qərb üçün həmişə bir nömrəli məsələ olub, bu gün də elə olaraq qalır. Həmin maraqların təmin olunmasını Qərbdə bir sıra aktorlar həyata keçirirlər. Onlardan ən mühümlərindən biri isə mediadır.

Bu gün mediada monopoliya – hər şey deməkdir. Hələ qeyri-hökumət təşkilatlarını, müxtəlif multimilli şirkətləri demirəm. Hər biri beynəlxalq münasibətlərin mühüm aktorlarıdır. Özü də kimə və hansı məqsədlə xidmət etdikləri məlumdur.

Bəs Ermənistanla bağlı Qərbin mövqeyi haqqında nə deyə bilərsiniz?

– Azərbaycana qarşı bu cür hərəkətlərin olduğu halda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Qərbin Ermənistanla bağlı konkret mövqe bildirməməsi də çoxlu suallar yaradır. Ermənistanda insan haqlarının ciddi surətdə pozulması barədə konkret rəqəmlər də var. Məsələn, 2008-ci ildə Ermənistanda 30-a qədər adam öldürüldü, 100 adam həbs olundu, fövqəladə vəziyyət elan edildi, mətbuat bağlandı. Bunların heç birinə Qərbin həmin dairələri reaksiya vermədi. Bunlar nəyi göstərir? Görünür, dünyəvi müsəlman dövlətinin – Azərbaycanın uğurları bəzilərində qısqanclıq yaradır. Çünki, baş verənləri başqa cür izah etmək olmur. Ermənistanın tənəzzülü fonunda müsəlman Azərbaycanın davamlı uğurlar qazanmasını kimlərsə həzm edə bilmir. Ancaq bu, onların öz problemidir. Azərbaycan seçdiyi inkişaf kursundan dönməyəcək.

Gürcüstanın yeni energetika naziri ölkəsinin imzaladığı enerji müqavilələri ilə bağlı bəyanat verib. Orada bəzi müəmmalı məqamlar var. Bu barədə nə demək istərdiniz?

– Hər bir iqtidarın öz fəaliyyət kursu olur. Gürcüstanın indiki hökuməti də əvvəlkindən fərqli siyasət yeridə bilər. Ancaq hər bir halda reallıq və sağlam düşüncə əsas götürülməlidir. Hamıya məlumdur ki, Azərbaycan Gürcüstanın ən çətin vaxtlarında köməyinə çatıb. Dəfələrlə bu ölkənin siyasi rəhbərliyi bu köməyə görə Bakıya təşəkkürünü və minnətdarlığını bildirib. Ümid edirik ki, qonşu və dost dövlətin yeni hökuməti bu ənənəni davam etdirəcək.

Sizin Reklam Yeriniz