Əlaqə Arxiv
news Image
2012.04.18
15:25
| A A A
Prezident nazirliklərə iki həftə vaxt verdi
“Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir”

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetində keçirilən iclasda belə deyib. Onun sözlərinə görə, bununla bağlı müvafiq göstərişlər verilib, sərəncamlar imzalanıb: "Beynəlxalq təcrübə tam şəkildə tətbiq edilməlidir. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır".

Dövlət başçısı hesab edir ki, elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amildir: "Müvafiq göstəriş verilib, sərəncam imzalanıb ki, bütün qurumlar elektron xidmətlər göstərsin. Ancaq mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyil. Elə qurumlar, nazirliklər vardır ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür".

"Biz müasirləşmə siyasəti aparırıq. Biz müasir dövlət qururuq. Güclü, ancaq öz imkanlarına söykənən, müasir dövlət qururuq. Müasir dövlətə xas olan bütün məsələlər bizdə tətbiq edilməlidir, siyasi, iqtisadi islahatlarda, bütün başqa sahələrdə. Bu sahəyə çox böyük əhəmiyyət verilir. Biz korrupsiyaya və rüşvətxorluğa qarşı daha da geniş və ardıcıl mübarizə aparmalıyıq, aparırıq və aparacağıq", - prezident bildirib.

Sizin Reklam Yeriniz