Yağışların intensivləşməsi fonunda müşahidə olunan hallardan biri də Bakının bəzi küçə və yollarının həddən artıq çirklənməsidir. Buna səbəb təkcə həmin yol və küçələrdə olan asfalt qopmaları və nəticədə torpaq qatının üzə çıxması deyil.
Araşdırmalar göstərir ki, şəhər ətrafı qəsəbələrdən paytaxtın mərkəzinə doğru işləyən marşrut avtobusları və digər nəqliyyat vasitələrinin də mərkəzi küçələrin palçığa boyanmasında rolu kifayət qədərdir. Belə ki, həmin nəqliyyat vasitələri yağış yağanda palçığın az qala dizə çıxdığı bəzi şəhərətrafı qəsəbələrdə kifayət qədər çirkaba bulaşır. Həmin çirkab isə nəqliyyatın hərəkət etdiyi bütün yolboyu tökülür.
Məsələnin daha bir narahatverici tərəfi isə ondan ibarətdir ki, sonradan bu palçıq quruyaraq toz halına düşür və avtomobillərin hərəkəti zamanıhavaya qarışır. Bu zaman isə vətəndaşlar hava ilə birgə həmin tozları udmaq məcburiyyətində qalır.
Təsadüfi deyil ki, havada tozun miqdarının norması 0,5 mq/kub.metr olsa da, hazırda bu rəqəm 1-1,5 həddindədir. Daim çirkli havanın udulması insanda bir çox xəstəlik yarada bilər. Çünki toz insanın tənəffüs yollarına, oradan da qanına keçəndən sonra immun sisteminin imkanlarının 80% onunla mübarizəyə yönəlir, nəticədə orqanizm zəifləyir. Hesablamalara görə, insan bir gün ərzində 50 ml toz udur.Bu toz hissəcikləri tənəffüs yollarına çökür və nəticədə asbest və başqa maddələr insan orqanizminə daxil olur. İmmuniteti zəif olan insanlara toz daha pis təsir göstərir. Tənəffüs yollarında problemi olan insanlar üçün də belə toz daha təhlükəlidir. Pis hava təbii ki, hamıya, xüsusilə də meteohəssas insanlara mənfi təsir edir. Xüsusən astma xəstəliyi və allergiyası olan insanlara dəyişkən hava müəyyən qədər problemlər yaradır.
Bundan başqa o da məlumdur ki, Bakının çirklənməsinə səbəb olan əsas amillər tikinti meydanlarındakı toz-torpaq, zibilliklər, yaşıllıqların qırılması, avtomobil vasitəsilə atmosferə buraxılan zərərli qazların artmasıdır. Yeni binalar tikilərkən və ya köhnə binalarda təmir işləri aparılarkən, həmçinin yollar hansısa səbəbdən qazılarkən ətrafa yayılan toz Bakının üzərini qatı duman kimi alır.
Çox təəssüf ki, toz içində qalan yolların çirklənməsi baş yollar istisna olmaqla digərlərində demək olar ki, həyata keçirilmir. Bu isə nəticədə yollarda çəkilən drenajların da toz-torpaqdan tutulumasına səbəb olur. Hesab edilir ki, mövcud drenajların tez sıradan çıxmasına, tutulmasına yollardakı natəmizliklər səbəb olur. Səhərlər, əsasən də yağışdan sonra küçələr təmizlənməlidir. Toz-torpaq, palçıq yuyulmalıdır ki, mövcud kanalizasıya quyuları da tutulmasın. Bəzən şüşə kimi düz, hətta drenajları olan yollar yağış yağan kimi su ilə dolur. Səbəb də, toz-torpaq nəticəsində drenajların tutulmasıdır.
Bəzi ekspertlər yağış zamanı yolları su basmaması üçün çıxış yolunu yollarda xüsusi tənzimləyici qurğular tikilməsində görür. Ekspertlər onu da vurğulayır ki, ümumiyyətlə Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Düzdür, Nəqliyyat Nazirliyi tərəfindən əsaslı təmir edilən yollarda həm drenajlar qoyulur, həm işıqlandırma sistemləri, kommunikasiya xətləri yenilənir və həm də digər amillər nəzərə alınır. Yağış kanalizasiya sistemləri olmayan yollarda yeni sistemlər yaradılır. Lakin proses hələ də bütün yolları əhatə etmir.
İqtisadçı ekspertlər bildirir ki, sözügedən problemin aradan qaldırılması üçün həmin ərazilərə xidmət göstərən Mənzil İstismar Sahələri nəzarət etməlidir. Hər il "Jek"lərə dövlət büdcəsindən 16-17 milyon manat pul ayrılır. Lakin fakt budur ki, onlar da bu işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Elə ona görə də bir müddət əvvəl "JEK"lərin ləğv olunması barədə təkliflər irəli sürülmüşdü. Lakin sözügedən idarələrin ləğv olunması şəhər təsərrüfatında üzə çıxan problemlərin həlli demək deyil. Bakı Şəhər İcra Hakimiyyətində etiraf olunur ki, yerli rayon mənzil-kommunal təsərrüfatı birlikləri paytaxtın əsas magistral avtomobil yollarının təmizlənməsi ilə məşğul olurlar. Ancaq bu proses istənilən şəkildə həyata keçirilmir.