Əlaqə Arxiv
news Image
2012.11.23
12:11
| A A A
Sürüşmə təhlükəsi yenidən baş qaldırır
Ənvər Əliyev: "Qobustan ərazisində baş verən sürüşmə halı son zamanlar yağan intensiv yağışların nəticəsidir" Telman Zeynalov: "Qobustanda yeraltı su axınları olmadığından cüzi yağan yağış da yerüstü torpağı yuyub aparır"

Havaların soyuması və yağışların yağması ilə ölkənin müxtəlif ərazilərində torpaq sürüşməsi halları da intensivləşir. Son belə sürüşmə halı bir neçə gün bundan öncə Qobustanda baş verib. Burada artıq sürüşməyə meylin aktivləşdiyi hiss olunur. Bir müddət əvvəl isə anoloji hal İsmayıllıda baş vermişdi.

Görəsən, Qobustanda baş verən həmin hadisə nəyin nəticəsidir?

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyevin fikrincə, Qobustanda baş verən sürüşmə hadisəsi yağış mövsümünün başlanması ilə əlaqədardır: "Qobustan ərazisində baş verən sürüşmə halı ola bilsin son zamanlar yağan intensiv yağışların nəticəsidir. Son günlər Hacıqabul tərəfə çoxlu yağışlar yağıb. Orada meşə massivi də yox dərəcəsindədir. Ola bilsin ki, bu amillər də Qobustanda sürüşməni sürətləndirib. Həmin ərazidə heyvandarlıq geniş inkişaf edib. Bunun da nəticəsində bitki örtüyü deqradasiyaya uğrayır. Nəticədə torpağın üst qatında boşluq yaranır. Bu da həmin ərazidə yağış yağan kimi sürüşməyə meyli artırır. Ola bilsin ərazinin dayanıqlığı aradan qaldırıldığından da sürüşmə baş verib".

Ekoloq Telman Zeynalov da Qobustandakı sürüşmə hadisəsini yağış suları ilə əlaqələndirdi: "Yay bildiyiniz kimi, həddən artıq çox isti keçdi. Quraqlıq oldu. İndi isə yağış sezonu başlayır. Qobustanda yeraltı su axınları yoxdur. Ona görə də həmin ərazidə cüzi yağan yağış yerüstü torpaqların hamısını yuyub aparır. Həmin yağış suyu aşağı təbəqəyə getdikcə gilləri yumşaldır, onları axıcı şəklinə salandan sonra üstdə qalan torpaq sürüşməyə məruz qalır. Bu təbiətin qanunudur". Həmsöhbətimiz yağış suları nəticəsində yaranan sürüşmənin qarşısını almağın yollarını da göstərdi: "Sürüşmə hallarının qarşısını almaq üçün ilk növbədə yağan yağış suyunu bir yerə toplamaq olar. Həmin toplanmış sudan gələcəkdə həm suvarmada, həm də təmizlənərək içməli su kimi istifadə oluna bilər. Ona görə də ilk öncə suyun bir yerə toplanması üçün anbarlaşdırma prosesi həyata keçirilməlidir. Belə tədbirlər isə olduqca çətin prosesdir. Bunun üçün çoxsaylı kanallar çəkilməli, betonlaşdırılma işləri görülməlidir".

Sizin Reklam Yeriniz