Əlaqə Arxiv
news Image
2012.11.26
18:45
| A A A
Avtomobillərdə tapılmayan dərman qutuları…
Vaqif Əsədov: «Hər bir sürücü qanunun tələbini yerinə yetirməklə öz avtomobillərini dərman qutuları ilə təmin etməlidir» Əhməd Qəşəmoğlu: «Bu sahədə maarifləndirmə və inzibati işə çox böyük ehtiyac var» Hər gün xeyli sayda  avtomobil qəzasının olması haqqında xəbərləri hər birimiz eşidir və ürək ağrısı ilə bunu qarşılayırıq. Araşdırmalar isə göstərir ki, yol-nəqliyyat hadisələrində ölüm hallarının çox olmasının  səbəblərindən biri də  avtomobillərdə  dərman qutusunun olmaması və  ilkin tibbi yardımın göstərilməməsidir. Nəqliyyat vasitələrində dərman qutusunun olması vacibdir. Amma çox böyük təəssüf hissi ilə qeyd edək ki, sürücülərimizin bir çoxunun avtomobilində  hələ də dərman qutusu yoxdur.
Bəs bu gün belə hallara qarşı hansı tədbirlər görülür?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı Mövqe.Az saytına aşağıdakıları bildirib: "İstismar olunan nəqliyyat vasitəsində xüsusi komplekləşdirilmiş dərman qutuları olmalıdır. Əks halda bu, qanunun tələbinin pozulması hesab olunur və avtomobilləri idarə edən sürücülər məsuliyyətə cəlb edilir. İlin əvvəlindən indiyədək Bakı şəhəri üzrə yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yol polisləri tərəfindən keçirilən tədbirlər zamanı 200 mindən artıq sürücü saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb edilib ki, 100-dən artıq sürücüyə tətbiq edilən inzibati protokol məhz idarə olunan nəqliyyat vasitəsində xüsusi komplekləşdirilmiş dərman qutularının olmaması ilə bağlıdır. Bundan başqa məlumat üçün bildirirəm ki, avtonəqliyyat vasitəsi texniki baxışdan keçirilərkən mütləq bu göstəricilər nəzərə alınır. Yəni dərman qutularının olmasına, dərmanların köhnə olmamasına, eyni zamanda yanğınsöndürən ilə təchiz edilməsinə diqqət yetirilir. Bunlar olduqda avtomobillər texniki baxışdan keçirilir. Dərman qutularının olmaması məsələsi ilə bağlı  tədbirlər keçirilir. Tədbirlər keçirilməsə belə mən bu xüsusda sürücülər arasında təbliğatın aparılmasına xüsusi önəm verirəm. Yol polislərinin bu tədbirləri keçirib-keçirməməsindən məsindən asılı olmayaraq, hər bir sürücü qanunun tələbini yerinə yetirməklə öz avtomobillərini dərman qutuları ilə təmin etməlidir. Qanunun tələbini pozmuş sürücüyə səlahiyyəti olan şəxslərin tərtib etdiyi inzibati protokola uyğun cərimə məbləği təyin olunur".
Sürücülər niyə avtomobillərə dərman qutularının qoyulmasında maraqlı deyillər?
Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı Mövqe.Az saytına bildirib: "Birincisi, bizim sürücülər ona görə bundan yayınırlar ki, onların əksəriyyətinin bu barədə təsəvvürü yoxdur. Dərman qutusu nəyə lazımdır, nəyə yararlıdır? Bu haqda demək olar anlayışları çox azdır. Profissional sürücülər bu haqda kifayət qədər məlumatlıdırlar. Bizim sürücülərin isə əksəriyyəti tez-tələsik sürücülük vəsiqəsi alıb maşın sürməyə həvəsi olan insanlardır. Onların maşında qoyulan dərman qutusunun nə qədər lazımlı olması haqqında təsəvvürü yoxdur.  Ona bəzək vasitəsi kimi baxırlar. İkincisi bu işin təşkili yüksək səviyyədə deyil. Dövlət yol polisi tərəfindən buna nəzarət edilməlidir, tələblər qoyulmalıdır.
Sürücülər arasında maarifləndirmə işinin də aparılması lazımdır. Sürücüləri yolda saxlayıb soruşaq ki, qəza baş verərsə dərman qutularının içərisində olan ləvazimatlardan nə cür istifadə edəcəksiz, buna cavab verə bilməyəcəklər. Bu sahədə maarifləndirmə və inzibati işə çox böyük ehtiyac var. Çox təəssüf ki, yol qəza hadisələri çox olur, belə zamanda o qutular lazım ola bilər. Buna görə də dərman qutularının olması məsələsi ilə bağlı ciddi tədbirlər görülməlidir".
Sizin Reklam Yeriniz