Əlaqə Arxiv
news Image
2012.12.02
15:33
| A A A
Özəl xəstəxanalarda müayinələr yenə baha başa gəlir
Adil Qeybulla: "İnsanlar xəstələndikləri halda həkimə müraciət edirlər" Dünyamalı İmaməliyev: "Əhali arasında müəyyən təbliğat işləri aparılmalıdır"

Əhalinin sağlamlığı birinci növbədə onların özlərindən asılıdır. Bunun üçün də insanlar mütəmadi olaraq müayinədən keçməlidirlər ki, yarana biləcək hər hansı bir xəstəliyin qarşısını vaxtında ala bilsinlər. Lakin nədənsə Azərbaycan əhalisi müayinədən keçməyə ciddi yanaşmır. Böyük əksəriyyət  bu işə başdansovdu yanaşırlar. 

Hazırda ölkədə çoxsaylı xəstəxana, diaqnostika mərkəzləri fəaliyyət göstərir ki, onların arasında özəl klinikalar da istənilən qədərdir. Lakin özəl tibb müəssisələrində müayinənin qiyməti baha başa gəlir. İnsan müayinədən keçmək üçün yerindən asılı olaraq bəzən hətta 200-500 manatından keçməli olur. Məsələ barədə mütəxəssislərin də rəyini öyrəndik. 

Tibb elmləri doktoru Adil Qeybulla ölkə sakinlərinin tibbi müayinədən keçməyə başdansovdu yanaşmasının kökündə maddi problemlərin dayandığı qənaətindədir: "Azərbaycan əhalisinin tibbi müayinədən keçməyə həvəs göstərməməsi maddi problemlərlə bağlıdır. İnsanlar heç olmasa konkret "check-up" müayinəsindən keçməlidirlər. Ürəyində probemi olan kardioloji "check-up"dan, böyrəyində problemi olan isə uroloji "check-up"dan keçməlidir. Lakin bu kimi müayinələri insanlar maddi baxımdan qarşılaya bilmədiklərindən prosesdən keçməyə əsasən laqeyd yanaşırlar. Yalnız xəstələndikləri halda həkimə müraciət edirlər. Əhalinin müayinədən keçməyə meylləndirməyin çıxış yolu sığorta təbabətinin tətbiqindən keçir. İcbari tibbi sığortanın tətbiqindən sonra əminəm ki, insanların böyük əksəriyyəti öz sağlamlıqlarına biganə qalmayaraq, azı ildə bir dəfə müayinədən keçəcəklər. Hazırda onkoloji xəstəliklərin xüsusi çəkisi artır. Ona görə də insanlar narahat olmağa başlayıb. Yoxlanılan adamların sayı indi sovet dövründə olduğundan çoxdur. Müayinə üçün müraciət edənlərin sayı yetərincədir. Amma bunun kütləvi hal alması müəyyən xəstəliklərin erkən aşkarlanmasına kömək edərdi. Bu da xəstələrin sağalması baxımından daha yaxşı olardı". 

Digər həkim Dünyamalı İmaməliyev isə qeyd etdi ki, əhalini tibbi müayinəyə meylləndirmək üçün onlar arasında təbliğat aparılmalıdır: "Əhalinin xəstəliklərdən qorunmaq üçün vaxtında müayinədən keçməməsi heç də yaxşı hal  deyil. Burada əhalinin biganəliyi rol oynayır ki, bu da əhalinin mental xüsusiyyətindən irəli gəlir. İnsanlarımız öz sağlamlığına qarşı bir qədər səhlənkardır. Ölkə sakinlərini müayinədən keçməyə həvəsləndirmək üçün görünür, onlar arasında müəyyən təbliğat işləri aparılmalıdır. Onlara başa salınmalıdır ki, ildə azı bir dəfə müayinədən keçməklə öz sağlamlıqlarının keşiyində dayansınlar. Bunun üçünsə əhali arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Həmin proses ciddi madiyyət də tələb etmir. hər bir şəxs sağlamlığının qayğısına qalmaq üçün ildə bir dəfə 50-60 manatından keçə bilər".

Sizin Reklam Yeriniz