Əlaqə Arxiv
news Image
2012.12.04
13:19
| A A A
Siqaret təhdidi böyüyür

Eyyub Hüseynov: "ÜST-nin tütün əleyhinə çərçivə konvensiyasına qoşulmağımıza rəğmən ölkədə ona riayət edilməsi məsələsində problemlər yaşanır"

Musa Quliyev: "Ola bilsin yaz sessiyasında məsələyə baxılsın"

Azərbaycan əhalisi arasında siqaretə aludə olanların sayı hələ də ciddi narahatlıq mənbəyi olaraq qalır. Hətta bu pis vərdişə  qadınlar da əvvəlki ilə müqayisədə daha çox qoşulmağa başlayıb. Araşdırmalara görə, ölkə əhalisinin hardasa yarıya qədəri siqaret çəkir. Əslində, siqaret bütün dünya üçün ciddi prolemə çevrilir. Bir sıra ölkələr əhalini siqaretdən uzaqlaşdırmaq üçün müxtəlif maarifləndirici tədbirlər keçirirlər.

Avstraliyada yeni qanuna əsasən, bütün siqaret qutularında siqaretdən əziyyət çəkən və ölüm ayağında olan insan şəkli verilir. Bununla da siqaret əleyhinə olanlar insanları həmin təhlükədən qorumağı düşünürlər. İstər-istəməz belə tədbirlər əhalini siqaretə aludə olmaqdan azdan-çoxdan uzaqlaşdırmağa qadirdir. Belə bir addımı Böyük Britaniya, Fransa, Hindistan da atmaq istəyir. Azərbacyanda isə siqaret sahəsində yuxarıda da qeyd etdiyimiz kimi, vəziyyət günü-gündən daha da pisləşməyə doğru gedir.  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Azərbaycanda siqaretin ictimai yerlərdə çəkilməsinə qadağa qoyulmasının qanunvericilik səviyyəsində hazırlanıb həyata keçrilməsi  məsələsi hələlik real həyatda öz əksini tapa bilmir: "Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə konvensiyasına qoşulub. Bu konvensiyadan irəli gələn məqamlara görə hər altı aydan bir siqaret qutularındakı yazılar dəyişməli, müxtəlif şəkillər olmalıdır. Lakin konvensiyaya qoşulmağımıza rəğmən, ölkədə ona riayət edilməsi məsələsində problemlər yaşanır. Belə bir qanun qəbul olunsa da, o zəruridir, lakin kafi deyil. Ölkəmizdə insanlar siqareti harda gəldi çəkib küçəyə atmaqdan belə çəkinmirlər. Bu istiqamətdə Azərbaycan vətəndaşlarının ciddi şəkildə maariflənməsinə ehtiyac vardır. Ölkə əhalisinin əksər hissəsi günəbaxanı parka, bağa tökən vətəndaşlardır. Onlar siqareti də harada gəldi çəkirlər. Bəzi ölkələrdə isə siqaretin ictimai yerlərdə çəkilməsinə qadağa qoyulub. Sinqapurda küçədə saqqız çeynəyib yerə atmaq qadağandar, buna görə 300 dollar cərimə ödənilir. Avstraliyada küçədə siqaret çəkmək, pivə içmək qadağandır. Azərbaycan vətəndaşları isə bu prosesə qoşulmağa hələ hazır deyil. Bunun üçün onların maariflənməsinə ehtiyac vardır".

Milli Məclis deputatı  Musa Quliyev isə siqaretin ictimai yerlərdə çəkilməsinə qadağa qoyulması ilə bağlı qanun layihəsinə gələn yaz sessiyasında baxılacağına ümid edir:        "Hələlik siqaretin ictimai yerlərdə qadağan edilməsilə bağlı məsələyə baxılmayab. Ola bilsin yaz sessiyasında məsələyə baxılsın. Hələliksə siqaretlə bağlı bütün məqamlar qanun layihəsində öz əksini tapıb".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz