Əlaqə Arxiv
news Image
2012.04.20
12:44
| A A A
Ölkəmizdə ailə institutuna böyük təhlükə
Hadi Rəcəbli: «Son dövrlər boşanma hallarına daha çox mobil telefon və ya internet səbəb olub» Əhməd Qəşəmoğlu: «Məhkəmələr boşanmaq istəyənləri fikirlərindən daşındırmaq üçün heç bir təsir imkanlarına malik deyillər»

Azərbaycanda ailə müqəddəs dəyər kimi qəbul edilsə də, son vaxtlar bu dəyərlərə əhəmiyyət verməyənlərə tez-tez rast gəlirik. Min bir əziyyətlə qurulan ailə birdən-birə dağılır. Bunu cari ilin ilk rübünün statistikası da təsdiq edir. Belə ki, on  ayda, ölkədə 17 min 200 nikah müqaviləsi bağlanıb. 2600 nikah müqaviləsi isə ləğv edilib.
Boşanmaların sayının ildən-ilə artması dəfələrlə mətbuatda, parlamentdə, ayrı-ayrı konfranslarda müzakirə olunub. Bir vaxtlar qeyd olunurdu ki, boşanmaların kökündə sosial durumun ağır olması dayanır. Amma son illərin təcrübəsi göstərir ki, bu heç də belə deyil. Hətta maddi cəhətdən imkanlı olan ailələrdə də boşanma halları artır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bizimlə söhbətində bildirdi ki,  boşanmanın kökündə gənclərin bir-birilərini başa düşməməsi, münasibətlərdəki gərginlik və kənardakıların müdaxilələri dayanır: "Avropada hər şeyin üstündə boşanma ola bilər. Məsələn, kişi evdə özünü yaxşı aparmayanda qadın ondan üz döndərə bilər. Və ya qadının başqa bir dost tapa bilər və ərilə mədəni şəkildə ayrılar. Allaha şükür ki, bizdə belə şeylər yoxdur. Amma bizdə xəyanət var. Avropanın bəzi yerlərində xəyanət məsələsinə o qədər də əhəmiyyət vermirlər. Bizdə xəyanətə bəraət yoxdur. Bizdə ən ciddi problemlərdən biri ailədaxili söz-söhbətlərdi. Qaynana-gəlin, baldız-gəlin söz-söhbətləri bəzən sonda boşanmaya gətirib çıxarır. İndi qayın-gəlin söz-söhbətləri də yaranıb. Yəni səbəblər müxtəlif ola bilər".  
H.Rəcəbli boşanma ilə bağlı məhkəmələrə müraciət edən tərəflərin şikayət ərizələrinə diqqət yetirdiyini və səbəbləri özü üçün müəyyənləşdirdiyini dedi: "Şikayət ərizələrində əsasən yola getməmək, dolanmamaq, uşağın olmaması, kişinin narkoman, əyyaş, içki düşkünü olması və ya başqa qadınla olması məsələsi göstərilir. Kişilərin şikayətlərində qadın xəyanəti çox az halda göstərilir. Daha çox münasibətin pozulması öz əksini tapır. Son dövrlər boşanma hallarına daha çox mobil telefon və ya internet səbəb olub. SMS-ləşmə, telefonla danışma gənclərin evini yıxır. Nə qədər adam buna görə boşanıb, nə qədər kriminal hallar baş verib".  
Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, boşanmaların səbəbini bir faktorla bağlamaq düzgün deyil: "Boşanmaya bir neçə məsələ səbəb ola bilər. Səbəblərdən biri və bir neçəsi daha qabarıq görünsə belə, bütün məsələləri nəzərə almaq lazımdır. Seksual mədəniyyətin olmamasından tutmuş dünyagörüşü, maddi durum və s. amilləri  nəzərə almaq lazımdır. Gənclər evliliyə hazır olmalıdılar. 18-19 yaşlarında ailə həyatı quran gənclərdə ailəyə laqeydlik, qarşılıqlı inamsızlıq daha tez yaranır. Çünki onlar ailəni əziyyətlə, zəhmətlə deyil, asanlıqla qurublar. Ata-ana hesabına evlənənlər ailə qədrini daha az bilirlər".
Ə.Qəşəmoğlunun sözlərinə görə, Azərbaycanda ailə institutu getdikcə məhv olmaqdadır: "Bizim bundan dəfələrlə aşağı səviyyədə yaşadığımız vaxtlar olub. Amma dözürdük. Ailədə möhkəmlik olurdu. İndiki gənclər çox dözümsüz olublar. Hər şeyə görə ailəni dağıtmağa hazır kimi görünürlər".
Sosioloq hesab edir ki, ailə tərəflərin könüllü ittifaqı olsa da belə, onun asanlıqla dağılmasına imkan vermək olmaz: "Sovet dövründə dövlət ailələrin dağılmasına mane olurdu. Amma indi məhkəmələr boşanmaq istəyənləri fikirlərindən daşındırmaq üçün heç bir təsir imkanlarına malik deyillər. Şikayətlərini təmin etməkdən başqa yol qalmayıb.  Hər il Azərbaycanda ailə quranların təxminən 10-12 faizi boşanır. Bu nə deməkdir? Deməli, əxlaqsızlığın, yüngül həyat tərzi keçirənlərin, intihar hallarının, kriminal ünsürlərin də sayı buna uyğun olaraq çoxalır. Boşanmaların qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işləri aparmaq lazımdır".

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz