Əlaqə Arxiv
news Image
2012.12.11
12:45
| A A A
Qəbələ RLS-in fəaliyyəti dayandırıldı
Bunun Bakı-Moskva münasibətlərinə təsiri xüsusi müzakirə mövzusuna çevrilir Rusiya Qəbələ Radiolokasiya Stansiyasının istismarının 10 dekabr 2012-ci ildən dayandırılması barədə Azərbaycana nota təqdim edib. Notada "Azərbaycan və Rusiya hökumətləri arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşdüyü bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı məlumatında deyilir ki, Azərbaycan ilə Rusiya arasında Qəbələ Radio Lokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb.

Azərbaycan danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adı çəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb. Nazirlik bildirib ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilib.

Qeyd edək ki, bu vaxta qədər tərəflər arasındadanışıqların getdiyi bildirilir və ən azı 3 illik razılığın əldə olunacağı gözlənirdi. Lakin Moskvanın məlum notası vəziyyətin tamam fərqli olduğunu üzə çıxardı. İndi Rusiya Azərbaycanda yeganə hərbi obyektini itirir və bunun Bakı ilə Kreml arasında münasibətlərə təsiri xüsusi maraq doğurur. Millət vəkili Aydın Mirzəzadə Rusiyanın Azərbaycana Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə bağlı notasını şərh edərkən deyib ki, Rusiya tərəfinin Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə əlaqədar notası Azərbaycan və Rusiya arasında diplomatik qaydalara hörmətin əlamətidir: "Bu heç də əməkdaşlığın dayanması deyil. İki ölkə arasında bir çox sahərlərdə əməkdaşlıq var və bu spektr genişdir. İnanıram ki, bir çox sahələrdə bu əməkdaşlıq davam edəcək".

Millət vəkili vurğulayıb ki, Qəbələ RLS-lə bağlı sonuncu müqavilə 1997-ci ildə imzalanıb və vaxtdan dünyada qiymətlər xeyli artıb: "Rusiya təkcə Qəbələ RLS-dən deyil, digər kommunikasiya vasitərlərindən və aeroportdan istifadə edirdi. İndi seçim Rusiyanın idi. İcarəyə götürən o idi və icarəyə götürən tərəf obyektin pulunu sahibinə verməlidir. Bu məsələdə razılığa gəlinməməsi münasibətlərin heç bir halda korlanması deyil. Rusiya ilə əməkdaşlığımız bir çox sahələrdə davam edəcək".

Politoloq Vəfa Quluzadə isə bildirib: "Bundan sonra hesab edirəm ki, Qəbələ RLS Azərbaycana da lazım olmayacaq. Biz onu tamamilə sökməliyik ki, vətəndaşların səhhətinə mənfi təsir etməsin. Hesab edirəm ki, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Rusiya ilə Azərbaycan arasında münasibətlərə heç bir təsir göstərməyəcək. Münasibətlər onsuz da məlum vəziyyətdədir. Sözün açığı bu stansiya Rusiyanın özünə də heç lazım deyil. Sadəcə olaraq, burada mindən çox rus ailəsi yaşayırdı. Buna görə onlar bizdən xahiş edirdilər ki, istifadə müddətini bəlkə bir dəfə də uzadaq. Biz də öz şərtlərimizi bildirdik, onlar da bundan imtina etdilər. Burada Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək səbəb görmürəm. Düzdür, Rusiya bu məsələdən bəhanə kimi istifadə edəcək. Rusiya Azərbaycana minnətdarlığını bildirməlidir ki, biz neçə illər bu stansiyanı torpağımızda saxlamışıq"

Qəbələ RLS SSRİ zamanında yaradılıb. Həmin stansiya Sovetlər Birliyinin raketlərdən müdafiə kompleksinin 8 əsas stansiyasından biri olub. İstismara 1985-ci ildə verilib. Mütəxəssislərə görə, RLS 6 min km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bununla da İran, Türkiyə, Hindistan da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanına qadirdir. Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilər. Sovetlər Birliyi dağılandan sonra stansiya Azərbaycanın mülkiyyətinə keçib. Rusiya isə 10 illiyə bu stansiyasını icarəyə götürmüşdü.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz