Əlaqə Arxiv
news Image
2012.12.13
10:12
| A A A
Yağış suları yenə də problem mənbəyidir
Ekspert: "Yağış suları üçün xüsusi anbarlar tikilsə və yığılan sulardan aqrar sektor üçün istifadə olunsa, daha səmərəli nəticə əldə etmək mümkündür"

Son günlər havaların yağışlı keçməsi yenə özünün müəyyən fəsadlarını göstərməkdədir. Məsələn, elə dekabrın 11-də yağan güclü yağışdan sonra növbəti dəfə Bakıya yağış yağdı və növbəti dəfə sübut olundu ki, paytaxtın bəzi küçələri hələ də təbiət qarşısında acizdir.

Yağış suları şəhərdaxili yolları basaraq sürücülərə çətinlik törətdi. Bəzi küçələrdə isə yağış suları selə dönərək, sakinlərin də yolu keçməsinə mane olurdu. Bəzi küçələrdə yaranan gölməçələr isə hələ də problemlər yaratmaqdadır.

Yağışlı günlərdə şəhərdə apardığımız müşahidələr zamanı da acınacaqlı mənzərələrin şahidi olduq.

Öncə yolumuzu Nizami rayonu Qara Qarayev prospektindəki 8-ci kilometr adlanan bazarın qarşısından saldıq. Yağışın bazardan yuyub gətirdiyi çirkab sular yola tökülürdü. Bir neçə nəqliyyat dairəsində gölməçə yaranmışdı ki, avtomobillərin təkərləri suyu ətrafa - piyadaların üstünə sıçradırdı.

Yasamal rayonu, Nizami metrosunun arxasındakı Mirzə Fətəli küçəsinə doğru uzanan yolda bir müddət öncə aparılan abadlıq işləri zamanı yaranan quyuda təkcə qayıq çatışmırdı. Gölməçələrin olması bir yana, kanalizasiyalar da suları daşıya bilmirdi.

Bir qədər irəlidə Zivər bəy Əhmədbəyov küçəsinin müəyyən hissələrində də kiçik həcmli gölməçələr gözə dəyirdi. Düzdür, mərkəzi yollarda ciddi problemlər müşahidə edilmirdi.

Yağış həmçinin Bayılda yerləşən Bakı Gəmi Təmiri Zavodunun qarşısında gölməçə yaratmışdı.

Sosial şəbəkələrdə rast gəldiklərimiz də yağışın Bakıda həyatı iflic etdiyin təsdiq edir.

Demək olar ki, bütün statuslarda "yağış yağır, saatlarla tıxacda qalmışıq" kimi fikirlərə rast gəlinir.

Bir tərəfdən yağan yağış, digər tərəfdən saatlarla davam edən tıxac insanların əsəbini tarıma çəkir.

Ekspertlər bildirirlər ki, Bakının kanalizasiya problemi hər dəfə yağış yağanda payız və qışda xatırlanır. Düzdür, "Azərsu" problemin həlli istiqamətində indiyə qədər xeyli iş görə bilib. Lakin proses hələ də Bakının tam miqyasını əhatə etmədiyindən problemlər qalmaqdadır. Müstəqil Memarlar Asossiasiyasının sədri Zemfira Budaqovanın sözlərinə görə də, yağış sularının daşınması üçün kollektorların kifayət etməməsi küçələrdə gölməçələrin yaranmasına səbəb olur: "Asfalt yolların sağ və sol hissələrində yerüstü kollektorlar olmalıdır ki, yağış suları onların vasitəsilə axsın.

Bu istiqamətdə işlər aparılır. Bakı şəhərində yağış suları Xəzər dənizinə, kanalizasiya xətləri isə Hövsan və digər yerlərə axıdalacaq. Hələ ki, yağış suları kanalizasiya vasitəsilə daşınır. Borular suyu daşımaq gücündə deyil. Kanalizasiya daşanda tullantılar yağış suyu ilə birlikdə üzə çıxır və ətrafa axır. Bu iyrənc mühit yaratmaqla bərabər, potensial xəstəlik mənbəyidir".

Z.Budaqova idüşünür ki, yağış suları üçün xüsusi anbarlar tikilsə və yığılan sulardan aqrar sektor üçün istifadə olunsa, daha səmərəli nəticə əldə etmək mümkündür: "Bəzi şəhərlərdə yağış suları yığılır və aqrar sektora daşınır. Bizdə də bu sistemin olması həm də torpaq sürüşmələrinin də qarşısının alınmasına gətirib çıxaracaq".

Ekspertlər onu da bildirir ki, son 20 ildə Bakıda yüzlərlə hündür binalar, böyük yaşayış sahələri salansa da, həmin ərazilərdə kanalizasiya sistemi yaradılmayıb. Həmin məhəllələrdə, küçə və parklarda ya yağış və məişət kanalizasiyası yoxdur, ya da sovet dövründən tikilmiş qovşaqlara qoşulub. Nəticədə yeni yaşayış sahələri də yağış sularının əhatəsində qalır.

Sizin Reklam Yeriniz