Dünən Azərbaycanın İstanbuldakı baş
konsulluğu İstanbuldakı Sarıyer rayonunda ulu öndər Heydr Əliyevin
möhtəşəm abidəsinin önündə anım mərasimi keçirib. Mərasimdə
konsulluğun əməkdaşları, iş adamları, deputatlar, İstanbulda təhsil
alan tələbələr, şəhər ictimaiyyətinin nümayəndələri və Türkiyənin
aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak
ediblər. Tədbir Azərbaycanın dövlətinin himni ilə başlanıb. Mərasim
iştirakçıları xalqımızın ümummilli liderinin abidəsinin önünə əklil
və tər çiçək dəstələri qoyublar.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov mərasimi
açaraq ulu öndərin həyat və fəaliyyəti barədə tədbir
iştirakçılarına geniş məlumat verib. O bildirib ki, türk dünyasının
dahi şəxsiyyəti, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev
zəngin və mənalı həyatını xalqının rifahına və xoşbəxtliyinə həsr
edib: " Ulu öndər istər Azərbaycana rəhbərlik etdiyi, istərsə də
Sovet İttifaqının liderlərindən biri olduğu zaman daim öz doğma
vətəninin inkişafı üçün çalışmışdır".
Mərasimə qatılmış Milli Məclisin deputatları Eldar İbrahimov və
Fəttah Heydərov, TURGAS şirkətinin rəhbəri Erdal Aksoy,
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu
ümummilli liderin Azərbaycan və türk dünyası qarşısında misilsiz
xidmətlərindən bəhs ediblər.
İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç çıxışında türk
dünyasının, Türkiyənin fəxri olan Heydər Əliyevin tarixdə bir
qurucu, gələcək nəsillərə örnək siyasətçi kimi qalacağını deyib:
"Ulu öndərin xatirəsi hər zaman ürəklərdə yaşayacaqdır". Mərasim
başa çatdıqdan sonra Azərbaycanın İstanbuldakı baş konsulluğunda
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans
keçirilib. Konfransada İstanbuldakı ali təhsil ocaqlarının
nümayəndələri ulun öndərin şəxsiyyətini zəngin fəaliyyəti ilə bağlı
məruzələrlə çıxış ediblər.