Əlaqə Arxiv
news Image
2012.12.16
10:25
| A A A
Əcnəbi təhsili almaq istəyən azərbaycanlıların sayı artır
Əjdər Ağayev: «Türkiyə, Rusiya və Ukraynanın təhsil mərkəzlərinin Azərbaycanda təbliğat kampaniyaları güclüdür»

Azərbaycanda təhsil almaq üçün xaricə üz tutanların sayında müəyyən artım müşahidə olunmaqdadır. Bunu həm dövlət, həm də şəxsi imkanlar hesabına ölkədən kənarda təhsil alanların sayında da görmək olar. 

Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2012-2013-cü il tədris ili ərzində xaricə  500 nəfərdən çox azərbaycanlı tələbə göndəriləcək.  Bu il də xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb. Ötən il xaricə göndərilən tələbələrin sayı 421, ondan əvvəlki il isə 300-dən artıq olub. Bu dəfə onların sayı 500-dən artıq olubsa da, növbəti ildə bu göstərici daha da artırılacaq.

Qeyd edək ki, bütün dünya ölkələrində xaricdə təhsil alanların sayı artmaq üzrədir. BMT-nin məlumatına görə, 3 milyondan çox tələbə hazırda öz ölkəsindən kənarda təhsil alır. 10 ildən sonra xaricdə təhsil alanların sayı 10 milyona yaxınlaşacaq.  Bu mənada Azərbaycan vətəndaşlarının xaricdə təhsil almağa marağının artmasını ölkədəki təhsilin səviyyəsilə birbaşa əlaqələndirmək doğru olmazdı. Beynəlxalq aləmə, təhsil dünyasına inteqrasiya gücləndikcə qarşılıqlı tələbə mübadiləsi və ya tələbələr üçün xaricdə təhsil imkanları genişlənir.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə isə bu gün təhsil almaq məqsədilə xaricə üz tutanların statistikasını hazırlamaq çətindir: "Təxmini rəqəmlər səsləndirilir. Amma konkreti rəqəmlər yoxdur. Kimsə öz şəxsi imkanları hesabına xaricdə təhzsil alırsa, onu necə qeydiyyata almaq olar? Amma xaricdə təhsil almış bütün Azərbaycan vətəndaşları, əgər ölkədə işləmək istəyirsə, diplomlarını Təhsil Nazirliyindən qeydiyyatdan keçirməlidilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının vasitəsilə xaricdə təhsil alan tələbələrin siyahısı var. Düzdür, Təhsil Nazirliyindəki siyahı ilə həmin siyahı bəzi hallarda üst-üstə düşməsə də, düşünürəm ki, bu, statistikanın müəyyənləşməsi üçün vacibdir". 

Ekspertə görə, azərbaycanlıların xaricdə təhsilə üstünlük verməsinin bir neçə səbəbi var: "Azərbaycandakı təhsilin səviyyəsilə Qərbdəki təhsilin səviyyəsini müqayisə etmək doğru olmazdı. Xüsusilə də, Amerika, Avropa, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə təhsilin səviyyəsi yüksəkdir. Azərbaycanlılar daha çox Türkiyə, Rusiya, Ukrayna, Koreya, İngiltərə, Amerika kimi ölkələrdə təhsil almağa üstünlük verirlər. Türkiyə, Rusiya və Ukraynanın təhsil mərkəzlərinin Azərbaycanda təbliğat kampaniyaları güclüdür. Elə universitetlər var ki, ora imtahansız girmək olur. Məsələn, Ukraynanın dövlət universitetlərinə giriş üçün xarici tələbələrdən sadəcə imtahanda iştirak etməsi tələb olunur. Bakıda 150-200 bal toplayan abituriyentlər asanlıqla Ukrayna, Türkiyə, Şimali Kipr universitetlərinə daxil ola bilirlər. Bakıda təhsil yarmarkaları keçirilir. Təhsilə bu gün biznes kimi baxırlar. Universitetin müəllimləri bu biznesdə iştirak etmirlər. Tələbə qəbulunu menecerlər həyata keçirirlər. Menecerler nəyi nəzərə alırlar? Minimal bilik səviyyəsi, təhsilə həvəs və ən əsası maddiyyat. Azərbaycan dünyaya inteqrasiya olunub. Xaricdə təhsil almaq üçün üzümüzə qapılar açılıb. Kimin bu imkanlar barədə məlumatı olursa, maddi gücü varsa, xaricdə təhsil ala bilir. Burada pis heç nə yoxdur. Qoy, gedib təhsil alsınlar. Pis vərdişlərə yiyələnməkdənsə, təhsil almaq daha yaxşıdır. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, əhalinin maddi rifah halı yüksəldikcə, xaricdə təhsil almaq həvəsləri də güclənir".

Sizin Reklam Yeriniz