Əlaqə Arxiv
news Image
2012.04.22
11:39
| A A A
“Siyasi partiyalar haqqında” Qanun dəyişdi
Əli Əhmədov: "Siyasi partiyalara maliyyə yardımı zamanı bərabərlik prinsipi özünü doğrultmayıb" Aprelin 20-də Milli Məclisin iclasında “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Venesiya Komissiyası digər beynəlxalq qurumlarla məsləhətləşmələr aparılıb, layihə yüksək peşəkarlıqla hazırlanıb. Əsas məsələ siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlıdır. Parlamentdə hakim müxalif partiyaların nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə ATƏT-in Bakı ofisinin nümayəndələri çıxış ediblər.

O bildirib ki, dəyişiklikdə siyasi partiyaların fəaliyyətində Konstitusiya quruluşunu zorla dəyişdirməyə, dini, irqi ayrı-seçkiliyə yol verilmir. Partiyaların təsis qurultayı ilə bağlı məlumatın ən azı bir ay əvvəl məlumat verilməsi barədə müddəa yekun sənəddən çıxarılıb. Siyasi partiyanın məhkəmənin qərarına qədər müvafiq icra hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması barədə müddəa da sənəddən çıxarılıb.

Dəyişikliklərə əsasən, hər il siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Həmin vəsait dövlət büdcəsində ayrıca sətrlə göstərilir. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini almış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Deputat, YAP-ın icraçı katibi Əli Əhmədov bildirib ki, dəyişikliklərin əsas əhəmiyyətindən biri partiyalara dövlət büdcəsindən vəsait ayrılmasıdır.

O deyib ki, dünya təcrübəsində maliyyələşmədə ictimai etimad prinsipi əsas götürülür: "Maliyyə yardımı zamanı bərabərlik prinsipi, yaxud sosial yardım prinsipi özünü doğrultmayıb. Parlamentdə 81 deputat Yeni Azərbaycan Partiyasına, 13 deputat digər partiyalara mənsubdur. Təklif edilən prinsiplə maliyyə yardımının 44,6 faizi Yeni Azərbaycan Partiyasına, 54,4 faizi digər partiyaların payına düşür. Bu, ədalətsizdir. Lakin mən prezidentin məqsədini başa düşürəm. Bir məqamı da qeyd edim. Parlamentdə nümayəndəsi təmsil olunan bir partiya 3-7 faiz alırsa, amma bunun müqabilində parlamentə düşməyən partiyaya 10 faiz maliyyə ayrılması da ədalətsizdir. Digər tərəfdən Azərbaycanda müharibə təbliğatı yoxdur, ədalətli həllin təbliği var".

Deputat Mübariz Qurbanlı hakim partiya vəsaitin 40 faizinin parlamentdə təmsil olunan partiyalar arasında bölünməsi ilə razılaşıb: "Vəsait partiyalar arasında bölünəcək. Əgər sonradan yeni partiya yaranacaqsa, bu məsələyə ayrıca baxılacaq. Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya maliyyə hesabatını açıqlamayıb. İanə verənlərin adlarının açıqlanması problem deyil. Digər tərəfdən, partiyanın üzvlərinin ümumi sayının göstərilməsi tələb olunur burada da qeyri-adiheç yoxdur".

Parlament sədri Oqtay Əsədov Müsavat Partiyasına vəsait ayrılmasını təklif edən Fazil Mustafanın parlament seçkilərində çoxlu sayda namizədlərlə çıxış etmiş, ancaq parlamentdə təmsil olunmayan partiyalara pul ayrılmasını təklif edən İqbal Ağazadənin çıxışlarına münasibətini bildirib: "Əgər qanunda qeyd edilsə, ayrılan vəsait parlament seçkilərində iştirak edən partiyalar arasında bərabər bölünsün, parlamentdəki deputatların çoxu o təklifin əleyhinə səs verəcək. Çünki heç kim vəsaitin kənara getməsini istəməyəcək bunun əleyhinə səs verəcək. Ona görə bəziləri populist bəyanatlar verməsinlər".

Deputat İlyas İsmayılov partiyaların ləğv edilməsi səlahiyyətinin Konstitusiya Məhkəməsinə verilməsini zəruri sayıb. Oqtay Əsədov bildirib ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə 5-10 partiya var: "Ancaq Azərbaycanda 100-dək partiya var. Bunlarla bağlı məsələ Konstitusiya Məhkəməsinə tapşırılsa, o halda gərək Konstitusiya Məhkəməsinin işi-gücü ancaq partiyalarla bağlı olsun. Azərbaycanda siyasi sistem inkişaf etsə, siyasi həyatda iştirak edən bir neçə partiya olsa, o halda partiyaların ləğvinin Konstitusiya Məhkəməsinə tapşırılması mümkün ola bilər".

A.Mirzəzadə söyləyib ki, iki dəfədən çox ümummilli seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı ləğv edilməlidir. O, parlamentin dinamik orqan olduğunu söyləyib: "Əgər parlament üzvü partiyalılığını dəyişərsə, yeni partiya yaradarsa, bu halda vəsaitin bölünməsinə yenidən baxılmalıdır".

Deputat Sahib Alıyev deyib ki, küçə mitinqləri dövlətin zəifliyi kimi qəbul edilir. Siyasi mübarizənin parlament çərçivəsinə gətirilməsi üçün dövlət büdcəsindən maliyyələşməsi tətbiq olunur.

Spiker Oqtay Əsədov deyib ki, maliyyə məsələsini bir kənara qoyaq: "Yeni Azərbaycan Partiyasının ürəyi çox genişdir. Yəqin ki, bu maliyyə yardımı müxalifət partiyalarının da qəlbini genişləndirər".

Deputat Siyavuş Novruzov qeyd edib ki, parlamentə düşməyən, 3 faizdən çox səs alan partiyalar arasında vəsaitlərin qazanılmış səslərə uyğun bölünməsi düzgün deyil: "Çünki dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi parlamentdəki partiyalar arasında bərabər bölünür, 50 faiz deputatların sayına görə ayrılır. Belə olan halda niyə parlamentdən kənardakı partiyalar arasında 10 faiz vəsait seçkidə toplanmış səslərə görə bölünməlidir?!".

O, Müsavat Partiyasının maliyyələşmə məsələsinin ayrıca nəzərdə tutulması barədə Fazil Mustafanın təklifini məqbul saymayıb: "Partiya tarixi ola bilər, amma bu adamlar tarixi deyil. Müsavat Partiyasının adını mənimsəyiblər".

Sonda səsvermə nəticəsində dəyişikliklər qəbul edilib.

Sizin Reklam Yeriniz