Əlaqə Arxiv
news Image
2013.01.04
11:28
| A A A
Spirtli içkilərin qiyməti artırıla bilər
Dövlət Məmmədov: "Azərbaycanda spirtli içkilərin qiymətlərinin qaldırılmasına ehtiyac yoxdur" Eyyub Hüseynov: "Arağın qiymətinin bahalaşmasının onun istehlakının azalmasına birbaşa təsiri vardır" Araşdırmalar göstərir ki, Azərbaycan faiz nisbəti ilə spirtli içkinin həddən çox istehlak edildiyi ölkələr sırasına daxildir.  Xüsusən də müxtəlif bayram günlərində satış obyektlərində spirtli içkilərə tələbat daha çox olur. O da məlumdur ki, Azərbaycanda yarım litrlik arağın orta qiyməti 1,6 manatdır. Bu rəqəm isə spirtli içkiyə aludə olanların geniş təbəqəsinə onu almaq imkanı verir. Yəni əhalinin həddən artıq spirtli içki istehlak etməsində qiymətin ucuzluğu böyük rol oynayır.

Lakin bunun müqabilində ölkədə istehsal olunan və gətirilən spirtli içkilərin keyfiyyəti əksər hallarda standartlara cavab vermir. Belədə isə həddən artıq spirtli içki qəbul edənlər həm də keyfiyyətsiz məhsul istehlak etmiş olurlar. Avropada isə spirtli içkilərin qiymətləri Azərbaycanda olduğundan 4-5 dəfə bahadır. Belə vəziyyət isə spirtli içki qəbuluna təsirsiz ötüşmür.  Həmin təcrübə Azərbaycanda da spirtli içkinin qiymətini dəfələrlə qaldırmağın vacib olduğunu göstərir. Görəsən, bu barədə ekspertlər nə düşünür?

Su və içkilər üzrə ekspert Dövlət Məmmədovun fikrincə spirtli içkilərin qiymətini qaldırmaqla əhalinin onu çox istehlak etməsinin qarşısını almaq olmayacaq: "Azərbaycanda spirtli içkilərin qiymətlərinin qaldırılmasına ehtiyac yoxdur. Çünki bu yolla Azərbaycan insanının həddən artıq spirtli içki istehlak etməsinin qarşısını almaq mümkün olmayacaq. Qiymətlər qaldırılsa belə, insanlar yenə də spirtli içki almaqda davam edəcək. Bu insanların psixologiyasından irəli gəlir. Ona görə də qiymətlərin qaldırılması heç nəyi dəyişməyəcək. Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq spirtli içkilərdən çox istifadə olunur. Ona qarşı mübarizədə qanunlardan istifadə etməliyik. Azərbaycanda hazırda istənilən yerdə, parklarda, küçədə, insanların toplaşdığı digər məkanlarda belə spirtli içkilərin şıdırğı satışı gedir. Həmin məkanlardan spirtli içkilər yığışdırılmalıdır ki, ondan az istifadə olunsun. Yəni spirtli içkinin satışı üçün müəyyən yerlər olmalıdır, onun harda gəldi, necə gəldi satışına yol verilməməlidir. Qiymətlərin qaldırılması isə heç nəyi dəyişməyəcək. Qanuna əsasən spirtli içkilərin reklamı aparılmamalıdır. Amma "Gənclik" metrostansiyasının yaxınlığında arağın reklamı verilən şitə rast gəlmək olar. Rusiya kanallarında arağın və pivənin reklamı aparılsa da, aşağıda onun insan orqanizminə ziyanlı olduğu da vurğulanır. Amma ölkəmizdə bu yoxdur. Ümumiyyətlə, Azərbaycanda insan sağlamlığı haqqında çoxsaylı qanunlar mövcuddur. Amma həmin qanunlara istənilən səviyyədə riayət olunmur. Azərbaycanın bu gün Qafqaz ölkələri arasında uzunömürlüyə görə ən aşağı yeri tutmasında da spirtli içkini çox qəbul etməyimizin "xidməti" az deyildir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə əmindir ki, arağın qiymətinin bahalaşmasının onun istehlakının azalmasına birbaşa təsiri vardır: "Bu aksiomdan çıxış edərək deyə bilərik ki, arağın qiymətinin qalxması onun az içilməsinə şərait yarada bilər. Azərbaycan bazarında hələ də boz-bulanıq mayelərdən hazırlanmış içkilər mövcuddur. Düşünürəm ki, yarım litrlik standartlara uyğun arağın qiyməti 5 manatdan aşağı olmamalıdır. Onun bu qiymətə satışı çox içilməsinin və əhalinin tədrici zəhərlənməsinin qarşısını alar. Digər məsələ isə odur ki, ölkədə satılan spirtli içkilərin təxminən 95 faizi yararlıq müddəti keçmişlərdir. Araqların saxlama müddəti bir ildən artıq olmamalıdır. Monitorinq aparsaq görərik ki, 98 faiz arağın üzərində son yararlıq və buraxılma tarixləri yoxdur".

Sizin Reklam Yeriniz