Əlaqə Arxiv
news Image
2013.01.12
08:00
| A A A
“Ən ağırı odur ki, mən əsgər itirmişəm”
General-leytenant Rövşən Əkbərov: “Məni yandıran budur, buna görə mənəvi əzab çəkirəm”

Şəmkir hərbi birləşməsinə daxil olan və Daşkəsəndə yerləşən hərbi hissənin əsgəri Ceyhun Qubadovun ölümü hadisəsi ilə bağlı Şəmkir ordu birləşməsinin komandanı, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov "Media forum" saytına açıqlama verib: "Araşdırma gedir. Ceyhun Qubadovun bölük komandiri və bölüyün baş çavuşu həbs olunub. Onlar nəzarətsizlik ediblər. Təqsiri olan zabitlərin hamısı birbaşa cəzalandırılacaq. Kimin təqsiri var, buna görə cavab verəcək. Mətbuat Ceyhunun döyüldüyünü yazır. Bu, düzgün deyil. Məhkəmə-tibbi ekspertizasının rəyi var, ekspertizada prokuror da, mənim müavinlərim də, digər zabitlər də iştirak edib, meyitə baxış keçiriblər. Morqda kamera ilə çəkiliş aparılıb ki, sonra bir söz-söhbət olmasın. Ölüm hadisəsi faktdır, onsuz da açılacaq. Bu, iynə deyil ki, samanlıqda itsin və tapılmasın.

Məsələ ondadır ki, ictimaiyyəti düzgün istiqamətləndirmirlər, yanlış informasiya verirlər. Əsgəri döyməyiblər. Döyülmə olsa, hansısa daxili orqanı partlamalıdır, başa vurulma olsa, beyin dağılmalıdır. Ölüm halı bunun nəticəsində ola bilər. Əsgərdə ürək çatışmazlığı olub. Dağa qalxıb. Ora dəniz səviyyəsindən 3000 metrdən də çox yüksəkdədir. Təzə əsgərdir, hündürlüyə qalxıb, gücü az olub. Bölük komandirinin günahı ondadır ki, əsgərlərə tapşırıq verib ki, oranı bir günə qalxsınlar. Amma briqada komandirinə, qərargah rəisinə, tabor komandirinə tapşırıq verilib ki, təzə əsgərləri hündürlüyə mərhələ-mərhələ qaldırsınlar. Bununla bağlı mənim də əmrim var. Gərək onlar bir qədər hündürlüyə qaldıraydılar, bir neçə gün orada qalaydılar, sonra daha yüksəkliyə qalxaydılar.

Müdafiə Nazirliyi çox adamı cəzalandırıb. Briqada komandiri vəzifəsindən çıxarılıb, rütbəsi alınıb. Mənim özümə də, müavinlərimə də cəza verilib. Çünki yəqin belə lazımdır, Müdafiə Nazirliyi belə hesab edir".

General Ceyhunun meyitinə baxdığını da bildirib: "Bəli, gedib baxmışdım. Onun gözünün altında olan yara dağa qalxanda bir neçə dəfə yıxılması nəticəsində yaranıb. Orada yıxılıb, üzü dəyib. Lap tutaq ki, onun üzünə, burnuna vurublar. Bundan insan ölmür, keçinmir ki. Düz deyil? Axı məntiq olmalıdır da. Gərək nəyləsə başından vurasan ki, beyni dağılsın, ya sinəsindən vurasan ki, qaraçiyəri dağılsın və bu da ölümə səbəb olsun.

Ekspertiza rəyi var. Orada qeyd olunub ki, o, yıxılıb, burnu dəyib. Onun burnu sınıq deyil, burnunun üstü cırılıb. Gözünün altı da partlayıb. Əvvəlcə biz də elə bildik ki, döyülüb. Sonra hərbi-tibbi ekspertizası keçirilib. Hərbi-tibbi ekspertlər meyitə baxıblar və onlar deyiblər ki, onun gözünün altındakı yaralarda daşın qırıntıları və qum qalıb. Bir daha deyirəm ki, məsələyə məntiqlə yanaşmaq lazımdır. İnsanı üzündən, burnundan vursan, ölə bilər?

Orada 20 nəfər olub, hamısı dağa birlikdə qalxıb. Hadisə onların gözü qarşısında olub".

Məlumdur ki hadisə ilə bağlı yanvarın 10-da isə Rövşən Əkbərova töhmət verilib. Bununla bağlı o deyib: "Bilirsiniz, mənə şiddətli töhmət deyil, min dənə şiddətli töhmət verilsə belə, ən ağırı odur ki, mən əsgər itirmişəm, Azərbaycanın övladını itirmişəm. Məni yandıran budur, buna görə mənəvi əzab çəkirəm. Mən gənc bir oğul itirmişəm. Onu anası böyüdüb orduya göndərib. Mənim də oğlum hərbi xidmətdədir. Mən onlara bir oğul kimi baxıram. Valideynlərə çox sağ ol deyirik ki, balalarını gizlətmirlər, onları böyüdüb boya-başa çatdırıb, orduya göndərirlər. Mən bir zabit kimi onlara çox sağ olun deyirəm ki, övladlarını vətəni qorumağa göndərirlər. Hadisədir, baş verib və mənim üçün ən böyük əzab odur ki, biz cavan oğlanı itirmişik. Başqa heç nəyi fikirləşmirəm".
Sizin Reklam Yeriniz