Əlaqə Arxiv
news Image
2013.01.30
11:16
| A A A
Neftçala sahibkarları mətbuata müraciət etdilər

Neftçala rayonu İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyevin rayonda fəaliyyət göstərən bir qrup yerli sahibkarlarla görüşü keçirilib.

Sahibkarlarla keçirilən görüş zamanı onların fikirləri, qayğı və istəkləri dinlənilmiş və onlara məxsus sahibkarlıq obyekti olan mağazaların tikildiyi yerlərdən başqa ünvana köçürülməsi məsələsi müzakirə edilib.
Aparılan geniş müzakirə zamanı çıxış edən sahibkarlar öz çıxışlarında bildirmişdilər ki, onlara məxsus olan sahibkarlıq obyektlərinin ünvanının dəyişdirilərək yeni ünvana köçürülməsi öz razılıq ərizələri əsasında həyata keçirilib.
Rayonda vüsət alan abadlıq və quruculuq işlərinə qısqanclıqla yanaşan bəzi şəxslər bir sıra mətbuat orqanlarında, internet saytlarında şər-böhtan xarakterli məlumatlar verməklə rayon ictimaiyyətinin fikirlərində çaşqınlıq yaratmağa çalışmışlar.
Çıxış edən bir qrup yerli sahibkarlar bəyan edərək bildirmişlər ki, bu cür təxribat xarakterli yazılara uymayacaq, həmişə dövlətə və dövlətçiliyə sadiq olan Neftçalalılar ölkə rəhbəri cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və rayonun abadlıq, quruculuq işlərində öz köməkliyini əsirgəməyəcəklər.
Sahibkarlar Azərbaycan mətbuatına müraciət də ediblər.
Müraciətdə deyilir:
"Biz bir qrup Neftçala rayon sahibkarları son günlər bizim ünvanımızdan rayonda geniş vüsət alan abadlıq və quruculuq işlərinə qısqanclıqla yanaşan bəzi dövlətçilik prinsiplərinə zidd amallı şəxslər, bir sıra mətbuat orqanlarında şər-böhtan və yalan xarakterli məlumatlar yaymaqla rayon ictimaiyyətinin fikirlərində çaşqınlıq yaratmağa və rayonda aparılan abadlıq və quruculuq işləri kölgə salmağa çalışmışlar.
Bu cür təxribat xarakterli məlumatlarda biz sahibkara məxsus ticarət obyektlərinin sökülməsi və bizə qarşı zor tətbiq olunması göstərilir.
Biz yerli sahibkarlar öz növbəmizdə qeyd etmək istəyirik ki, bütün bu səpkili yazılar böhtan və yalan xarakterlidir, rayonumuzun gələcəyinə xələl gətirmək istəyən bir qrup təxribatçı qüvvələrin əməllərinin nəticəsidir.
Təbiidir ki, biz bu cür təxribat xarakterli yazılara uymayacaq, həmişə dövlətə və dövlətçiliyə sadiq olan Neftçalalılar ölkə rəhbəri cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyəcək və rayonumuzun abadlıq, quruculuq işlərində öz köməkliyimizi əsirgəməyəcəyik.
Sonda rayonun yerli sahibkarları adından ölkə rəhbəri cənab İlham Əliyevə müraciət edərək bu cür təxribat, böhtan və heç bir əsası olmayan informasiyalarla ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışan mətbu orqanlar barədə qanunamüvafiq tədbirlərin görülməsini xahiş edirik".
Müraciəti 25 sahibkar imzalayıb.

Sizin Reklam Yeriniz