Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş "Daş yuxular" romanı artıq bir neçə gündür ki, əsas müzakirə mövzusuna çevrilib.
Azərbaycanlıların təhqir olunduğu əsərlə bağlı siyasətçilərdən
tutmuş sadə vətəndaşlara qədər hər kəs öz etirazını
bildirməkdədir.
Məsələyə münasibət bildirən xalq şairiVaqif
Səmədoğluadıçəkilən əsəri ədəbi fövqəladə hadisə
saymadığını bildirib:
"O hissələr ki, jurnalda verilib, onları oxumuşam. Yazıb də,
neyləmək olar. Yazıb, özü izah eləyir, nə məqsəd güdüb. Amma kimdir
izahları oxuyan. Hər kəs yazını oxuyur. Ümumiyyətlə, mən bu əsəri
elə də ədəbi fövqəladə hadisə saymıram".
Milli Məclisin deputatı, şair Musa
Quliyevinməsələyə münasibəti isə daha sərt olub. Romanı
oxuduğunu deyən millət vəkilinin sözlərinə görə, "Daş yuxular"
romanında indiyə qədər bütövlükdə erməni ədəbiyyatının, Azərbaycana
və türk dünyasına qarşı aqressiv mövqedə duran Silva Kaputikyan və
Zori Balayan da daxil olmaqla heç bir erməni yazarının nail
olmadığı təhqirlər, töhmətlər və rişxəndlər əks olunub.
M.Quliyev əsəri ermənilərə böyük dəstək, azərbaycanlılara qarşı isə
təhqir kimi qiymətləndirib:
"Əkrəm Əylisinin əsərinin qəhrəmanı şübhəsiz ki, onun öz prototipi,
sünnət olunmuş Əylis ermənisidir. Bir erməni obrazını yaradıb. Bu
onun öz işidir, özü də dediyinə görə, bu onun öz təxəyyülünün
məhsuludur. İstədiyi obrazı yazıçı yarada bilər, amma "Xalq
yazıçısı" adını daşıyan adam öz xalqını erməni xalqını böyütməkdən
ötrü bu qədər aşağılamalı deyil. Bunun başqa yolları var, başqa
fəndlər tapa bilərdi. Əslində, bu, ermənilərin uzun illərdən bəri
Azərbaycan torpaqlarına – istər Qarabağ, istər Naxçıvan torpağına
iddiası Əkrəm Əylisli tərəfindən təsdiqidir və onun belə demək olar
ki, dəstəkləməsidir.
Əylisin, eləcə də tək Əylisin yox, bütün Naxçıvanın qədim
torpaqlarının ermənilərə məxsus olmasını və Azərbaycan türklərinin
sonradan gəlib, erməniləri qıraraq, onların yerində məskunlaşmasını
Əkrəm Əylisli ən qatı millətçi erməninin də qibtə edəcəyi uğurla
təsvir edə bilib. Azərbaycanın nə qədər müqəddəsliyi varsa, bu
əsərində o rişxənd obrazına çevirib və aşağılayıb.
Burada istər bizim azadlıq mübarizəmizin təhqir olunması, istər
toponimlərimizin, onların Azərbaycan dilində izahının lağa
qoyulması, bu yerlərin ermənilərə məxsus olmasının göstərilməsi,
İslam inancımızdan doğan sünnət ayininin təhqir olunması ("yəni
Allah peyğəmbərdən ağılsızdırmı ki, insanları bu cür yaradır,
Peyğəmbər onun səhvini düzəldir"), Azərbaycan qadınlarının,
Əylisdəki qadınların timsalında nə qədər tənbəl, biganə, ürəksiz
olması, əksinə isə erməni qadınının orada yetim Camalın qayğısına
qalması, hətta onun başının bitinin dırnağı ilə dərindən
təmizləməsinə qədər göstərilməsi kimi məqamlar "xalq yazıçısı"nın
xalqına münasibətinin göstəricisidir".
Bu cür əsərlər yazmaqla beynəlxalq səviyyədə böyük uğur qazanmağın
mümkün olmadığını deyən millət vəkilinin sözlərinə görə, heç vaxt
öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına
atan yazıçı ümumbəşəri ola bilməz:"Bəlkə də Əkrəm Əylisli
fikirləşir ki, bu cür əsərlər yazmaqla ona da Nobel mükafatı
verəcəklər. Onu da böyük, bəşəri yazıçı kimi tanıyacaqlar.
Düşünürəm ki, bu onun tərəfindən böyük bir səhvdir. Heç vaxt öz
xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına
atan yazıçı ümumbəşəri ola bilməz. Mən çox təəssüf edirəm ki, "Xalq
yazıçısı" adını daşıyan, "İstiqlal" ordenli bir yazıçımızın əsəri
Ermənistanda da toy-bayram kimi qarşılanır. Bu bizim ermənilərlə
siyasi müstəvidə mübarizəmizə böyük bir zərbədir.
Xocalı faciəsinin bütün dünyada tanındığı bir dövrdə belə bir
əsərin ortaya çıxması, Azərbaycanın tanınmış yazıçısı tərəfindən
qələmə alınması, "tək mən Azərbaycanda yaxşıyam, bütün
azərbaycanlılar pisdir" şüarının ortaya atılması bizim bu işimizə
də böyük əngəl törədəcək.
Sözügedən əsərdə Bakıdakı ermənilərin vəhşicəsinə qətlinin,
Sumqayıt qətliamının azərbaycanlılar tərəfindən törədildiyinin qeyd
olunduğunu deyən M.Quliyevin sözlərinə görə, bununla da Ə.Əylisli
bir millətin Xocalını da özü törətdiyini iddia edəcək qədər
ermənilərin əlinə böyük bir dəstək vermiş olur:
"Həmin əsərlə Əkrəm Əylisli ermənilərin əlinə başqa bir dəstavüz
verir ki, belə bir vəhşi millətlə biz birgə necə yaşaya bilərik.
Ona görə də dünya birliyi bizim Qarabağın Azərbaycandan ayrılması
tələbini haqlı saymalı və dəstəkləməlidir. Yəni, bütün bu əsər həm
millətə, həm də dövlətin müstəqilliyinə qarşı çox böyük qəsddir.
Ermənilərin 25 il ərzində Qarabağ savaşı başlayandan bəri
vurmadıqları zərbəni Əkrəm Əylisli vurub. Ən pisi odur ki, Əkrəm
Əylisi əsərinin başında yazıb ki, mən bu əsəri bu dünyadan dərdli
köçmüş həmyerlilərimə ithaf edirəm.
Təbii ki, Əkrəm "həmyerlilərim" deyəndə Əylis ermənilərini nəzərə
tutur. Əsərinin axırında isə əsəri Əylisdə bitirdiyini yazır.
Göstərir ki, əgər hər öldürülən bir erməninin üzərində bir şam
yandırılsaydı, bu şamların işığı Ayın işığından da parlaq olardı.
Dolayısı yolla türklər tərəfindən milyondan çox erməninin
öldürüldüyünü göstərir. Əkrəm Əylisli 2005-2006-cı illərdə Əylisdə
yaşadı.
Əylislilərin çörəyini yedi, Əylislilər onun suyunu daşıdı, onun
odununu yardılar, evini isitdilər, evində ona qulluq etdilər. Əkrəm
Əylisli də Əylis ermənilərinin xətrinə Əylis azərbaycanlılarını o
qədər aşağıladı, onların hamısını qatil, yaramaz, tənbəl və
mədəniyyətsiz adlandırdı. Mən buna çox təəssüf edirəm və hesab
edirəm ki, buna bir ictimai təpki, qınaq olmalıdır".