Azərbaycanın süni peykinin orbitə çıxarılması tariximizin əlamətdar hadisəsi sayılmalıdır, bununla ölkəmiz hərtərəfli inkişafının yeni hüdudlarını ortaya qoymuş oldu.
Mən bu əlamətdar hadisəni son illərdə Azərbaycanın hərtərəfli,
sürətli inkişafının çox mühüm zəruri nəticəsi hesab edirəm və
şahidi olduğumuz iqtisadi dinamika, modernləşmə, yüksəliş
meyllərinin nəticə etibarilə Azərbaycanın kosmik ölkələr sırasına
qoşulmasına gətirib çıxarması tamamilə gözlənilən idi. Bu fikirləri
YAP-ın sədr müavini-icra katibi Əli
Əhmədov bildirib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın müasir tarixi möhtəşəm
layihələri ilə zənginliyi ilə seçilir:
"Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası, inanılmaz
iqtisadi sıçrayış, qeyri-adi infrastruktur layihələri, Bakının
ecazkar simasının yaradılması və sair əzəmətli inkişaf nümunələri
bu sırada sadalanmağa layiqdir. Nəhayət, süni peykin orbitə
çıxarılması.
İnanıram ki, Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və
qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da
möhkəmlənməsində orbitə çıxarılan ilk Azərbaycan peyki müstəsna rol
oynayacaq, ölkəmizin texnoloji inkişafına böyük təkan verəcək.
İlk Azərbaycan süni peykinin orbitə çıxarılmasının təşəbbüskarı və
bu möhtəşəm layihənin həyata keçirilməsi üçün bütün lazımi şəraitin
yaradılmasının təminatçısı kimi ölkə Prezidenti cənab İlham Əliyevi
və bütün Azərbaycan xalqını təbrik edirəm. Uğurlu və xeyirli
olsun!".