Azərbaycan prezidenti İlham Əliyev və bir qrup dövlət və elm
xadimi Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat
elmləri doktoru, akademik Mahmud Kərimovun vəfatı ilə əlaqədar
nekroloq imzalayıblar. Movqe.az-ın xəbərinə görə, nekroloqda
akademikin tərcümeyi-halı qeyd olunub, onun Azərbaycan elminin
inkişafındakı xidmətləri sadalanıb.Qeyd edilib ki, M. Kərimov
radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə
zənginləşməsində mühüm rol oynayıb, onun elmi tədqiqatlarının
başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub. M.
Kərimov radioekologiya və radiasiya materialşünaslığı
istiqamətlərində də elmi tədqiqatlar aparın. Onun uzun müddət
rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın
nüfuzlu institutlarından birinə çevrilərək, beynəlxalq aləmdə
sanballı elmi qurum kimi qəbul olunub. M. Kərimov Beynəlxalq Atom
Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə
bağlı bir neçə layihədə respublika alimlərinin fəal iştirakını
təmin edib. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom
enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü
olub. M. Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və
xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun
elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri
alıb. Milli Elmlər Akademiyasının prezidenti kimi Azərbaycan
elminin beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya
olunmasına, xarici ölkələrlə əlaqələrini xeyli genişlənməsinə
xidmət edib. Respublika Elmi Tədqiqatların Təşkili və
Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali
təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv
koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz
töhfələrini verib. Mahmud Kərimov həmçinin Dünya
Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri
kimi fəaliyyət göstərib. Akademik Mahmud Kərimov Azərbaycan elminin
inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb.
Nekroloqda tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah
insan Mahmud Kərimovun xatirəsinin onu tanıyanların qəlbində həmişə
yaşayacağı qeyd edilib. Nekroloqu Azərbaycan prezidenti İlham
Əliyevlə yanaşı Artur Rasi-zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Misir
Mərdanov, Əli Abbasov, Arif Mehdiyev, Arif Həşimov, Akif Əlizadə,
Nailə Vəlixanlı, Cəlal Əliyev, Cəmil Əliyev,Vaqif Fərzəliyev,
İsmayıl Hacıyev, Akif Hacıyev, Nadir Seyidov, Arif İsmayılzadə,
Əhliman Əmiraslanov, Qərib Məmmədov, Kamal Abdullayev, Xoşbəxt
Yusifzadə, Tofiq Nağıyev, Nəriman Quliyev, Arif Paşayev, Abel
Məhərrəmov, Siyavuş Qarayev, İsa Həbibbəyli, Urxan Ələkbərov, Ziyad
Səmədzadə, Şəmsəddin Hacıyev, Vasim Məmmədəliyev, Telman Əliyev,
Adil Qəribov, Rasim Əlquliyev, Əyyub Quliyev və Nazim Məmmədov
imzalayıblar. Qeyd edək ki, M. Kərimovun cənazəsi vidalaşmaq üçün
2013-cü il fevralın 11-də saat 12.00-dan 15.00-dək Azərbaycan Milli
Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31)
qoyulacaq. Dəfn mərasimi Fəxri Xiyabanda keçiriləcək.